Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Samux rayonunun İnstitut qəsəbəsinin ziyalıları dövlət rəhbərinə yazırlar:
“Hörmətli cənab Prezident, çox sevindirici haldır ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağınız, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir Sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuzu, əsl rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı.Cənab Prezident, biz – Samux ziyalıları da Sizin çağırışlarınıza səs verir, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu bəladan tamamilə qurtulacağımıza əminik”.