Milli Qəhrəmanın valideynləri yazır:“Ən çətin məqamda güvənə biləcəyimiz Prezidentimiz var” 

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.


Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova Prezidentə yazırlar:

 “Möhtərəm cənab Prezident, xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız”.