Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Cəbrayıl rayonundan olan Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim Rəhim Rəhimov Prezidentə yazır:
“Hörmətli cənab Prezident, 1990-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik edən şəxslər ölkəni çətin durumda qoyub qaçdılar. Atanız, ulu öndər Heydər Əliyevə xəzinəsi boş, anarxiyanın hökm sürdüyü dövlət miras qalmışdı. Xalq meydanlara xalq-Heydər, Heydər-xalq sədaları ilə çıxdı və nicat tapdı. Qısa zaman kəsiyində səsimiz yüksək tribunalardan gəldi. Siz Ulu Öndərin yolunu şərəflə davam etdirirsiniz. Siz bu çətin virus dönəmində xalqın yanındasınız. İnanırıq ki, Siz Mehriban xanımla qoşa qanad olub, xalqımızı bu virus burulğanından da çıxaracaqsınız. Xalqı ağuşuna alan qanadlarınız möhkəm, kölgəniz qalın, yolunuz uğurlu olsun! Allah amanında!”.