Azərbaycan əmin olsun!

Gürcüstandakı soydaşlarımız ermənilərə qarşı könüllü döyüşməyə hazır vəziyyətindədir



Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.
Dünya azərbaycanlıları birlik göstərib erməni təxribatına qarşı birləşirlər. Müxtəlif ölkələrdə olan azərbaycanlılar bu birliyi istər aksiya şəklində, istərsə də sosial şəbəkələr üzərindən aparır.

Azərbaycanın Milli Qəhrəmanları da Gürcüstan, İran və Dağıstanda olan azərbaycanlılara müraciət edib  erməniləri istənilən sahədə "vurmağın" lazım olduğunu bildiriblər. Onların fikrincə, bütün dünyada yaşayan azərbaycanlılar ermənilərə qarşı birləşib öz təbliğatlarını aparmalıdırlar. 

Qeyd edək ki, Rusiyadakı azərbaycanlılar erməni satıcılardan mal almasın deyə çağırış ediblər. Hazırda Ermənistandan Rusiyaya gələn ərik azərbaycanlılar tərəfindən alınmır və onların tonlarla malı ziyan olur. Bu fakt Azərbaycan ictimaiyyəti tərəfindən ermənilərə qarşı iqtisadi dirənişin bir nümunəsi kimi müsbət dəyərləndirilib. O cümlədən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə Ordumuza dəstək vermək üçün səfərbər olublar. Güneydə yaşayan qəhrəman soydaşlarımız Azərbaycan ordusunun əsgərləri ilə bərabər Qarabağda döyüşmək istəyirlər. 

Tovuzda baş verənlər Türkiyədə yaşayan azərbaycanlıları da ayağa qaldırıb. Ermənilərin hərəkətə keçdiyi ilk andan Türkiyə rəsmiləri və ictimaiyyəti bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını vurğulamaqdadır.

Azərbaycanla Ermənistanın dövlət sərhədində baş verən gərginliyə Gürcüstandakı soydaşlarımız da səssiz qalmayıb.  Bu barədə "Şərq"ə açıqlama verən "Qeyrət" Xalq Hərəkatını sədri  Əlibala Əsgərovun dediyinə görə,  erməni silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimi pozulduğu andan bu dəqiqələrə qədər Gürcüstan azərbaycanlılarının bütün  diqqəti döyüş bölgəsinə yönəlib:

"7-dən 77-yə hər kəsi sərhəd bölgəsindəki proseslərin aqibəti maraqlandırır. Aldığımız şəhid xəbərləri bizi dərindən sarsdı. Düşmənlə mübarizədə həlak olan əsgərlərin hər birini öz itkimiz hesab edirik. Hətta müxtəlif məscidlərdə yas məclisləri qurularaq şəhidlərimizin əziz xatirəsi yad ediləcək. İyulun 16-da Ermənistanın hərbi təxribatı  nəticəsində şəhid olan hərbi qulluqçularımız üçün  Marneuli rayonunun mərkəzində ehsan  paylanılıb. 

Bir qrup azərbaycanlı gənc erməni silahlı qüvvələrinin ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində təxribat törətməsinə etiraz əlaməti olaraq Tbilisi şəhərində Ermənistan səfirliyinin binası qarşısında "səssiz" etiraz aksiyası keçirib.

Üzərində "Erməni terroruna son!", "Erməni təcavüzünə son!" və "Dağlıq Qarabağın işğalına son!" şüarları yazılmış köynəkdə olan aksiya iştirakçıları bir saat ərzində səfirliyin binasının qarşısında dayanıblar.

Şəhidlərinin əziz xatirəsini yad edən gənclər bu addımla Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə, mülki insanların və yaşayış binalarının artilleriya atəşinə tutulmasına öz etirazlarını bildiriblər.

Artıq iki gündür "Sınıq körpü"də də Gürcüstandakı  Azərbaycan gənclərinin iştirakı ilə milli orduya dəstək aksiyası keçirilir. Əgər səfərbərlik elan olunarsa Gürcüstandakı azərbaycanlılar arasında da minlərlə gənc könüllü döyüşmək üçün  müraciət edəcək. Azərbaycan dövləti buna  əmin olsun!".