“Birinci vitse-prezidentin müraciəti milli birlik və həmrəyliyə çağırış idi”


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti ölkə ictimaiyyəti tərəfindən  milli birlik və həmrəylik çağırışı kimi dəyərləndirilib. Qeyd olunub ki,  informasiya müharibəsində mövqeyimizin möhkəmlənməsi istiqamətində hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməli, xüsusilə indiki kimi  həssas, informasiya məkanında qarşıdurmanın miqyasının genişləndiyi bir dövrdə bəzi qrupların insanlar arasında düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsi yaratmaq istəyənlərə fürsət verməməlidir.

Millət vəkili Tamam Cəfərova da "Sherg.az"a açıqlamasında  vətəndaşlarımızın birliyinin, mütəşəkkilliyinin, məsuliyyətinin artması baxımından Birinci vitse- prezident  Mehriban Əliyevanın müraciətinin son dərəcə əhəmiyyətli olduğunu deyib:

"Dövlət sərhəddinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını alıb, ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnikasını məhv edən ordumuzun bu zəfəri 7-dən 70-ə  Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdirdi. Deputatın fikrincə,  Bakıda və bir çox rayonumuzda Azərbaycan Ordusuna dəstək məqsədilə təşkil olunmuş yürüşlər, minlərlə gəncin Orduya könüllü yazılması, xaricdəki soydaşlarımızın Azərbaycana dəstək aksiyaları qürurverici  haldır. Eyni zamanda bu, xalqımızın vətənpərvərliyinin  bariz təzahürüdür:

 "Bu qürur hissini Mehriban xanım Əliyeva da  öz müraciətində çox gözəl ifadə edib. Bu birliyin,  yüksək vətənpərvərlik  ruhunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  irəli sürülən təşəbbüslərin müqəddəs mübarizəmizdə güclü və təsirli vasitə  kimi dəyərləndirən Birinci vitse-prezident Mehriban Əliyeva bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdar olduğunu bildirib.

Mehriban xanım Əliyevanın müraciətdə toxunduğu ən vacib məqamlardan biri  isə informasiya müharibəsinin əhəmiyyəti ilə bağlıdır. Birinci xanımın da qeyd etdiyi kimi uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Bu mənada bir vətəndaş olaraq borcumuz Azərbaycanın haqlı  mövqeyini sadəcə  döyüş meydanında  deyil, sosial platformada da müdafiə etməkdir.

Vətəndaşların sosial şəbəkələrdə nümayiş etdirdiyi dəstək, səbir, həmrəylik, təmkinə görə təşəkkür edən Birinci -vitse prezident bildirib ki, bu məsələdə biz hamımız ayıq- sayıq olmalı, təxribata uymamalıyıq. Xalqa müraciət edən birinci xanım yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən müharibə şəraitində yaşadığımı, qarşı tərəfin informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə biləcəyini unutmamağı tövsiyyə edib".