Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilər

"Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasında Ermənistan və Azərbaycan sərhədində baş verənlərlə bağlı qeyd etdikləri əsasən Türkiyəyə mesaj idi".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasında konkret mövqe ortaya qoyaraq Azərbaycanın yanında olduğunu dedi:

"Ərdoğan Cənubi Qafqazla bağlı mesajlar verdi. Moskva təbii ki, buna cavab olaraq həm Təhlükəsizlik Şurasının iclasını keçirdi, həm də ordunu təlimlərə çıxardı. Ancaq rəsmən neytral mövqedə dayanmaqla, Azərbaycanla münasibətləri pisləşdirməməyə çalışdı. Ümumiyyətlə, Moskvanın mövqeyində maksimalist dəyişiklik olmayacaq. Kreml danışıqların bərpası ilə növbəti status-kvonun qorunub saxlanılmasında maraqlıdır".

Analitikə görə, Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilər:

"Amma, Kreml rəhbəri hələ Nikol Paşinyanla ciddi məsələlər barədə bir araya gəlmək istəmir. Danışıqların bərpası da nəyisə dəyişməyəcək. Danışıqlar Türkiyə və Rusiya arasında getməlidir. İlk növbədə Türkiyə Naxçıvanda öz hərbi bazasını qurmalıdır".