“Kiminsə özünü məlumatlı göstərməsinə ehtiyac yoxdur”
“Bu gün cəbhədə bir yaxını, tanışı olmayan ailə yoxdur. Əlbəttə, onlarla danışan zaman hansısa yenilik öyrənmək təbiidir”
“Amma bunu yaymaq, tirajlamaq olmaz. Belə laqeydlik cəbhədəki şəxsin həyatına təhlükə deməkdir”
2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düsməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir.
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, bütün bunlara baxmayaraq, ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycan Ordusunun bəzi yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törətməklə qələbənin asanlıqla qazanılması kimi cəmiyyətdə yanlış təsəvvürlərin və arxayınlığın formalaşmasına zəmin yaradır. Vətəndaşlarımızın qələbə əhvali-ruhiyyəsinin yüksək olmasını, ərazilərimizin tez bir zamanda düşməndən azad edilməsi kimi müqəddəs arzularını anlayışla qarşılayaraq, onlardan yalnız rəsmi məlumatlara istinad etmələri, dəqiqləşdirilməmiş məlumatları yaymamaları xahiş olunur.
Unutmayaq ki, biz məkrli düşmənlə üz-üzəyik, döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da erməni tərəfinin mənafeyinə xidmət edə bilər.
DTX-in bu müraciəti barədə “Sherg.az”a fikirlərini bildirən “Ədalət” partiyasının sədr müavini Elxan Şükürlü insanları yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb:
“Düşmən əhalidə ruh düşkünlüyü, çaşqınlıq yaratmaq naminə dezinformasiyalar yaymağa çalışırlar. Biz isə buna imkan verməli deyilik. Müdafiə Nazirliyi müntəzəm olaraq rəsmi informasiyalar verir. Kiminsə özünü məlumatlı göstərməsinə ehtiyac yoxdur. Bu, “düşmən dəyirmanına su tökmək” deməkdir. Nəzərə almaq lazımdır ki, ermənilərin sosial şəbəkələrdəki bütün fəaliyyəti təbliğat üzərində qurulub. Bu gün cəbhədə bir yaxını, tanışı olmayan ailə yoxdur.
Əlbəttə, onlarla danışan zaman hansısa yenilik öyrənmək təbiidir. Amma bunu yaymaq, tirajlamaq olmaz. Belə laqeydlik cəbhədəki şəxsin həyatına təhlükə deməkdir”.