Putin Əliyevdən üzr istədi: Rusiya siyasi qəzadan döndü


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. 

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin keçirdiyi müşavirədə təyyarə qəzası səbəbləri ilə əlaqədar “müxtəlif versiyalar var” deməsi Azərbaycanın Rusiyanın yalan hekayələr səpmək cəhdlərinə qarşı ilk tutarlı bəyanatı oldu. Ekspertin sözlərinə görə, Azərbaycan bundan sonra ilkin məlumatlar və ağlabatan versiyalar əsasında Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizəni uğurla apardı: 

"Azərbaycan dövlətinin media kanalları vasitəsilə Rusiyanın etdiyi hərəkətlərə dair məntiqli və ağlabatan versiyalar irəli sürməsi, buna verilən güclü ictimai dəstək Bakının Moskva qarşısında geniş izahat tələb etməsinin nümunəsi idi. Çünki Azərbaycanın aidiyyəti təhlükəsizlik qurumlarında təyyarənin Rusiya tərəfindən vurulması ilə əlaqədar tutarlı məlumatlar var idi. 
Bunlara mediada hökumət mənbələrinə istinadən yayılan məlumatlar və təhlillər də əlavə olunanda Rusiyanın hadisədən götürəcəyi dərslər vurğulanmağa başladı. Rusiya isə bundan sonra çıxış yolunun qalmadığını görüb ekspertlər səviyyəsində də olsa, təyyarənin vurulmasını dolayı və açıq dillə etiraf etdi. Lakin bu, Azərbaycan üçün yetərli deyildi. Rəsmi şəkildə isə Kreml hadisəyə görə Azərbaycanla öz ərazi subyekti olan Çeçenistan Respublikasını tərəf-müqabili etmək cəhdini dövriyyəyə saldı. Kremlin təşəbbüsü yenə uğursuz oldu, çünki Azərbaycanın hadisəyə görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiya Federasiyası idi". 

Analitikə görə, Rusiya Federasiyası faktları və istintaq nəticələrini manipulyasiya etməyə girişməməli, hadisənin motivlərinin obyektiv araşdırılmasına maneə yaratmamalıdır.