Yenidən sərt karantin rejiminə gərək yoxdur


“Novruz bayramı ərəfəsində qorxu var ki, Operativ Qərargah yenə hər yeri qapadacaq”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, heç bir yeri qapatmağa ehtiyac yoxdur: “Bayram ərəfəsində qiymətlər qalxmaqdadır. Amma buna adekvat gəlir vətəndaşın evinə girmir.

Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil. 10 gün tətil müddətində vətəndaş rayona gedə bilər. Digər tərəfdən, polislərin də vəziyyətini düşünmək lazımdır. Polislər hərarəti yox, icazəni yoxlayır. Bu zaman xəstə insan polisləri də xəstələndirə bilər. Digər tərəfdən, icazə sistemi ilə tıxaclarda insanlar əziyyət çəkir. Vaksinasiyanı gücləndirmək lazımdır. Bəzi ölkələrdə artıq yaşıl pasport verilir. Bizdə də bu tətbiq olunmalıdır”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim-nevroloq  Pərviz Axundov bildirib ki, ümumiyyətlə, sərt karantin rejimi qısamüddətli effektivdir. Həkimin sözlərinə görə, artıq tək infeksiyanın məhdudlaşdırılması baxımından məsələyə yanaşmaq düzgün deyil:

"Hesab edirəm ki, ilk olaraq təhsil, iqtisadiyyat və bunun gələcək illərdə olan fəsadlarının hamısı göz önünə alınmalıdır. Rəsmi yoluxma sayı həmişə nisbi olub. Bundan sonra vaksinasiya fonunda məsələ daha da qarışıq olacaq. Ona görə də, kütləvi vaksinasiya fonunda ölüm göstəricisinə baxmaq daha məntiqlidir. Nəzərə almaq lazımdır ki, 400 min ümumi əhalinin az qismi olsa da, hazırda vaksin əsas risk halının yüksək olduğu əhali qrupuna vurulur. Təbii ki, vurdurmaq istəməyən isə özü öz həyatına cavabdehdir". 

P.Axundov əlavə edib ki, hazırda yoluxma sayında bir az artmalar var:

"Artıq bəzi "ekspertlər" sərt karantin anonsunu verməyə başlayıblar: "Qeyd edim ki, sərt karantin rejiminin tərəfdarı deyiləm. Çünki əvvəla il o il deyil, artıq vaksinasiya gedir. Risk qrupuna daxil olan təbəqəyə bir aydan çoxdur zaman verilib ki, gedib vaksin vurdursunlar. Bundan sonra günahı kimdəsə axtarmaq lazım deyil. Yoluxma sayına görə sərt karantinə də gərək yoxdur. Digər tərəfdən, yoluxma sayı özü-özlüyündə sərt karantinə birbaşa göstəriş ola bilməz. Ona görə ki, bizdəki vaksin yoluxmanı önləmək baxımından nisbətən az effektiv olsa da, ölüm göstəricisinin tam qarşısını aldığı bildirilir. Yəni ola bilsin, günlük yoluxma 400 yox, lap 4000 olsun. Əgər ölüm göstəricisi belə aşağı hədlərdə davam edirsə, normal həyata qayıtmaq istiqamətində tədbirlər görülməlidir".