Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən 16-cı Böyükelçilər Konfransının açılışında çıxış edib. Nazir Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına toxunaraq bildirib: “Türkiyə sülh masasını yenidən qurmağa hazırdır.”
Sherg.az xəbər verir ki, nazir Fidan beynəlxalq sistemin dalana dirəndiyi bir şəraitdə sülhün diplomatik vasitələrlə inşa oluna biləcəyini vurğulayıb. “Zamanın ruhu dəyişir” ifadəsini işlədən Fidan, diplomatiyanın mahiyyətinin də bu dəyişikliklə birlikdə təkamül etdiyini qeyd edib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Fidan sülh müzakirələri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib:
“Müharibə dördüncü ilini geridə qoyur. Müharibənin qalibi olmaz, ədalətli sülhün isə məğlubu olmaz. İstanbul hələ də tərəflərin bir araya gələ bildiyi yeganə platforma olma xüsusiyyətini qoruyur. Türkiyə sülh masasını yenidən qurmağa hazırdır. Artıq Qərb paytaxtlarında belə Qəzzada iki dövlətli həllin qəbul olunmasında diplomatiyamızın payı böyükdür. Bu şüurla iki dövlətli həll baxışını həyata keçirmək üçün səbr və qətiyyətlə çalışmağa davam edəcəyik. Vasitəçilik və asanlaşdırıcılıq sahəsində dünyanın aparıcı ölkələrindən biriyik.”