“Bu yenilik dünya hərb praktikasında özünü qəti şəkildə göstərdi”
“PUA-lar yeni müharibə formatının bünövrəsinu qoymuş oldu"
Martın 15-də Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu Azərbaycan ordusunun ölkə ərazisində "Vətən" müharibəsindən sonra həyata keçirdiyi ilk geniş miqyasılı hərbi təlimdir. Müdafiə Nazirliyi keçirilən müvafiq təlimlərlə bağlı məlumat yayıb. Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararır. Eyni zamanda əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.
"Sherg.az"a hərbi təlimlərin mahiyyətindən danışan hərbi ekspert Ramil Məmmədli açıqlamasında bildirib ki, təlimlərin əhəmiyyəti Ordunun döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlıdır:
"Silahlı Qüvvələrin qarşısında duran əsas məsələlərdən biri ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan Ordusu hərbi əməliyyatlarda iştirak etmiş ordudur. Silahlı Qüvvələrin qarşısında duran tapşırıqlar öz fərqliliyi ilə seçilir.
Ümumiyyətlə, ordumuz bu təlimlərdə mobil şəkildə qoşunların idarə olunması, əlaqələndirilməsi və effektiv hərbi əməliyyatlar istiqamətində təlimləri həyata keçirir.
Pilotsuz uçuş aparatları (PUA) isə yeni döyüş taktikasıdır. Bu taktikanın ən iri miqyaslı hərbi əməliyyatlarını Azərbaycan Ordusu meydana çıxarıb.
Bu yenilik dünya hərb praktikasında özünü qəti şəkildə göstərdi. PUA-lar yeni müharibə formatının bünövrəsini qoymuş oldu".