Əminlik yaranıb: “Digər minalı ərazilərin də xəritəsi veriləcək”

Qarabağa problemimiz artıq həll olunub. İndi qarşımızda duran əsas məsələ minalı ərazilərin xəritəsinin alınmaısıdır. Əks halda insanlarımızın ata-baba torpaqlarına qayıtmasında ciddi narahatlıqlar yaşanacaq. 
Şübhəsiz ki, bu istiqamətdə ciddi işlər gedir.  Həmin sənədlərin alınması üçün bütün lazımi addımlar atılır.

 Millət vəkili Cavid Osmanov bu barədə “Sherg.az”a açıqlamasında prosesin davam etdiyini bildirdi:

“Məlum olduğu kimi, qazandığımız zəfərdən sonra sözügedən məsələ bizim əsas prioritetimizə çevrildi. Bütün mümkün platformalarda bu məsələ qaldırılır, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Artıq üç rayonun- Ağdam, Füzuli və Zəngilanın xəritələrini almışıq. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin nəticəsidir. Ümumiyyətlə, ən düzgün seçim məhz diplomatik yoldur və proseslər uğurla davam edir. Uğurlu gedişat digər minalı ərazilərin də xəritəsinin verilməsinə əminlik yaradır”.

 C. Osmanov, həmçinin Rusiyanın proseslərdəki mövqeyi barədə danışdı: “Xəritələrin Moskvada olub-olmadığını bilmirəm. Lakin Ermənistanda olduğu dəqiqdir. Odur ki, biz  ilk növbədə İrəvana təsir etməliyik. Əgər, həqiqətən, xəritələr Kremldə varsa, bu məsələ barədə şimal qonşumuza müraciət etməliyik”.