Şəhid anasının hissləri ilə oynayanları ən sərt şəkildə cəzalandırmaq lazımdır
Elman Məmmədov: "Heç kim şəhid anasını qınamasın. Övladından xəbər ala bilməyən ailənin üzvləri, ata-analar daim balalarının sağ qalması ümidi ilə yaşayırlar"
Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumları Daxili İşlər Nazirliyinə müraciət ediblər. DİN-dən verilən məlumata görə, şəhid olan şəxs yaşadığı rayonda dəfn edilsə də, anası övladının dünyasını dəyişmədiyinə inandırılıb. Ana dəfn etdikləri şəhidin başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə görüb.
Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və “falçı” kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində “fala” baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirib.
Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb. Onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər. Həmin şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək, guya, onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar.
Bu şəxslər hətta qrim ustasının yanına gedərək, guya, şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar.
B.Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək övladının “sağ” olduğuna inandırmağa nail olublar.
Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb, sağ olduğuna dair onlarda yanlış təsəvvür yaradıb.
Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya, əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadaraq bu məqsədlə onlardan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxsə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Onlar ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər.
İctimaiyyət nümayəndələri hesab edirlər ki, şəhid anasını aldadan cinayətkarlar ən ağır cəzanı almalıdır. Çünki ən həssas duyğuları çirkin oyunlara alət etmək və bu sayədə pul “qazanmaq” insanlıqdan kənar hərəkətdir.
Millət vəkili Elman Məmmədov da “Şərq”ə açıqlamasında bildirib ki, bu cür məxluqları əfv etmək olmaz. Deputatın sözlərinə görə, onlar elə formada cəzalandırılmalıdır ki, gələcəkdə buna cəhd etmək istəyənlərə ibrət olsun: “1990-cı illərin əvvəllərində xocalıların ən ağrılı məsələsi yaxınlarının aqibətindən xəbər-ətər olmaması idi. Bənzər hadisələri biz də yaşamışıq. Ermənilər tərəfindən əsir götürülmüş Xocalı sakinlərinin sayı çox idi. Hələ də 150 insanımız barədə heç bir məlumat yoxdur. Əfsuslar olsun ki, həmin dövrdə də yaxınlarından, övladlarından xəbərsiz olan ailələrin başına bu cür oyun açan dələduzlar, vələdüznalar peyda olurdu. Şanlı Zəfərimizdən sonra yenidən bu cür saxtakarlıqlarla üzləşmək çox üzücü, məyusedici və hiddət doğurandır. Heç kim şəhid anasını qınamasın. Övladından xəbər ala bilməyən ailənin üzvləri, ata-analar daim balalarının sağ qalması ümidi ilə yaşayırlar. Bir an olsun, fərqli düşüncəyə qapılmır, hansı yolla olur-olsun, yaxınlarının sağ-salamat geri dönməsini arzulayırlar. Gözlərinə pul-para, var-dövlət görünmür. Onların çarəsizliyindən, son ümidindən sui-istifadə edənlər namərd və nadürüstlərdir. Həmin şəxslər insanlıqdan uzaqdır. Əlbəttə, qanun cinayətkarların layiqli cəzasını verəcək. İctimaiyyət haqlı olaraq onlar haqqında çox kəskin fikirdədir və sərt cəzalandırılmasını tələb edirlər”.
Parlament üzvü vurğulayıb ki, onlar ən ağır ifadələrə və cəzaya layiqdirlər:
“Belə namussuzluğu, nakişiliyi bağışlamaq olmaz. Şəhid anasının əziz hissləri ilə oynamaq nə deməkdir? Dələduzlar elə şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də görk olsun, heç kim təkrarlamağa cəsarət etməsin. Onu da qeyd edim ki, müəyyən neqativləri çıxmaq şərti ilə sosial şəbəkələrin ictimai qınaq üslubu təqdirəlayiqdir. Sosial şəbəkələr bəzi hallarda ictimai nəzarət funksiyasını yerinə yetirir. İnsanlar sosial platformalar vasitəsi ilə etirazlarını dilə gətirir, müvafiq qurumlar qarşısında tələblər irəli sürürlər. Bu, yaxşı haldır”.
İsmayıl Qocayev