Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri gözlənilir. O, Moskvada həmkarı Vladimir Putinlə görüşəcək. Yayılan məlumata görə, artıq görüşə hazırlıq gedir. Sözsüz ki, görüşdə bir sıra regional məsələlər, o cümlədən Qarabağdakı durum müzakirə ediləcək. Fikrimcə, səfərin Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq barədə bəyanat səsləndirməsindən və Ərdoğanla görüşmək istəyini dilə gətirməsindən sonra gündəmə gəlməsi təsadüfi deyil. Ola bilsin, Putin öz məqsədinə uyğun olaraq əvvəlcə Paşinyanı təlimatlandırıb. Arzusunu onun dilindən eşitdirib və indi də özü Ərdoğanla görüşmək istəyir.
Rəsmi Moskva üçtərəfli razılaşmanın bəzi şərtlərinin icrasında, o cümlədən kommunikyasiyaların bərpasında maraqlı ola bilər. Çünki bu, onun özünə də lazımdır. Birincisi, kommunikasiyaların açılması Kremlin iqtisadi maraqlarına uyğundur. İkincisi, şimal qonşumuz bu yolla Qərbin bölgəyə gəlişinin qarşısını ala bilər. Çünki artıq beyəlxalq sülhməramlıların Qarabağda yerləşməsi müzakirə olunur. Üçüncüsü isə Moskva sanki nəyəsə nail olubmuş fonu yaradaraq torpaqlarımızda ona hələ uzun illər ehtiyac olacaq şüuru formalaşdırmaq niyyətindədir.
Amma, əlbəttə, Rusiya heç bir halda konfliktin tamamilə çözülməsini istəmir. Çünki, Qarabağ Cənubi Qafqazda boğulmaqda olan Moskvanın yapışdığı sonuncu “saman çöpüdür”. Qarabağ məsələsinin tamamilə həlli Kremlin regiondakı varlığının sona çatması və bilavasitə Rusiyanın dünyadakı imicinin xeyli aşağı düşməsi deməkdir.
Putin ambisiyalarından asanlıqla əl çəkənə oxşamır. Ərdoğan isə onun planlarını bilməmiş deyil. Bu mənada görüş, yəqin ki, gərgin keçəcək. Ankara ilə Moskvanın “mehriban düşmən” olduqlarını nəzərə alsaq, çox güman, ümumi maraqlara uyğun nəticəyə gəlmək mümkün olacaq.
Dialoq zamanı sülhməramlıların fəaliyyətinin nəzərdən keçiriləciyi də istisna deyil. Əgər Rusiya nəyəsə nail olmaq isəyirsə, “şıltaqlıqlarına” tamamilə son qoymalı, o cümlədən Qarabağdakı rus hərbçilərinin fəaliyyətini düzgün tənzimləməlidir. Əks halda biz üçtərəfli razılaşmanın digər şərtlərinin də yerinə yetirilmədiyini əsas götürərək istədiyimizi edə, kimsənin də maraqlarını nəzərə almaya bilərik.
Kənan Novruzov