Prezident İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edib. Ölkə başçısı Ermənistanın Azərbaycana qarşı 30 ilədək davam edən hərbi təcavüzünə dair bəzi faktları diqqətə çatdırıb.
Prezident Ermənistanın sülh və danışıqlar yolu ilə münaqişənin həllində maraqlı olmamasını xüsusilə vurğulayıb:
“Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu.
Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb..
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb”.
Ölkə başçısının çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə bildirib ki, Prezident BMT-nin Baş Assambleyasındakı çıxışında Azərbaycana qarşı cinayətləri diqqətə çatdıraraq yenə də dünyanı beynəlxalq hüquq normalarına riayət etməyə və BMT-nin təməl sənədlərində öz əksini tapmış prinsiplərə riayət etməyə çağırdı:
“Bu gün Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və hərbi cinayət törədənlər mütləq cəzalandırılmalıdır ki, belə hallar təkrar baş verməsin. Azərbaycanın istəyi məhz sülh, əmin-amanlıq və əməkdaşlıqdır. Nürinberq prosesi əsasında “SS cinayətkarları”nın özləri və idealogiyaları məhkəmənin hökmü ilə qadağan edilib. Lakin illər boyu Ermənistan bu idealogiya əsasında cinayətlər törədib. Azərbaycan isə məcbur olub özü BMT-nin prinsiplərini icra edərək, bu gün yeni reallıqlar yaradıb. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu bəyan etsə də, dünyanın və beynəlxalq təşkilatların cinayətkarların törətdiklərinə göz yumması onları yeni cinayətlərə təhrik edir. Çox istərdik ki, BMT-nin prinsipləri kağız üzərində qalmasın, real həyatda öz əksini tapsın. Azərbaycanın qələbəsi, yeni reallıqlar yaratması məhz beynəlxalq hüquq normaları və BMT-nin təməl prinsiplərini əsasında həyata keçirilib. Prezidentin çıxışı əslində bölgədə baş verən bütün hadisələrə prinsipial qiymət verilməsi deməkdir. Ölkə başçısı söylədikləri ilə bir növ bölgənin gələcək inkişafı barədə dünyanı məlumatlandırıb”.
Yeganə Bayramova