O bilir ki, Kremlin himayəsindəki Ermənistanın gələcəyi fəlakətdir
Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıq etmədən Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür
Ermənistanın Baş naziri Nikol Paşinyan son həftələrdə Türkiyə ilə münasibətlərin normallaşdırılmasından tez-tez danışır. Baş nazir Gürcüstan səfərindən öncə və hökumətin iclaslarında Türkiyə prezidentinin daha əvvəl Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb. Vurğulayıb ki, İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi mümkündür.
Son olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində növbəti dəfə bu məsələyə toxunub. Ərdoğan bildirib ki, İrəvanın müsbət mesajlarına adekvat cavab veriləcək və bəzi addımlar atılacaq: “Bizim “beşlik” və ya “altılıq platforması" adlandırdığımız əməkdaşlıq variantları var idi. Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bunu edə bilsək, bölgədə sülhün yaradılması məsələsini yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bu məsələ də müzakirələr arasında yer alacaq”.
Xatırladaq ki, Türkiyə lideri ilk dəfə avqustun 29-da bəyan edib ki, əgər Ermənistan konstruktiv addımlar üçün irəliyə getməyə hazır olduğunu bildirirsə, Ankara Ermənistan hökuməti ilə münasibətlərin tədricən normallaşdırılması üzərində işləyə bilər. Lakin Ərdoğan Ermənistana Azərbaycanla hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara başlamaq şərti qoyub.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, Ankaranın arzusu münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, ilk növbədə Ermənistan üzərinə düşəni etməlidir: “Bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq. Şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır”.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə “Şərq”ə danışan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri prosesin çox ağrılı getdiyini söyləyib. Analitikin fikrincə, Nikol Paşinyan hökumətinin konkret planı, proqramı yoxdur:
“Ermənistan çox çətin vəziyyətdədir. Daxildəki revanşist qüvvələr hökumətin işinə əngəl törədir və əhalinin etirazlarını körükləyirlər. Bunlar Paşinyan hökuməti üçün çəkindirici məqamlardır. Digər yandan, regiondakı ölkələr, xüsusən Rusiya və İran “sülh tərəfdarı” kimi görünsələr də, Azərbaycan-Ermənistan gərginliyinin tamamilə aradan qalxmasında maraqlı deyillər. Çünki regionda gərginliyin olmaması Moskva və Tehranın bölgədəki təsir imkanlarından məhrum olması deməkdir. Amma Paşinyan dərk edir ki, Kremlin himayəsindəki Ermənistanın gələcəyi fəlakətdir. Rusiya bütün məqamlarda sadəcə öz maraqlarını əsas götürür. Çıxılmaz vəziyyətdə qalan Paşinyan var-gəl edir. Bir tərəfdən Rusiyanı, İranı narazı salmaq istəmir. Lakin digər yandan gözəl başa düşür ki, Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıq etmədən Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür. Ötən müddət sübut edib ki, Ermənistana lobbi və xarici ölkələr səviyyəsində nə qədər maddi yardım göstərilsə də, ermənilərin rifahı yüksəlməyib. Səbəbi odur ki, heç bir regional layihədə iştirak etməyən Ermənistan xarici investisiya üçün əlverişli deyil”.
N.Miri vurğulayıb ki, Paşinyana etimad olmadığı üçün Türkiyə rəhbərliyi erməni baş nazir qarşısında müəyyən şərtlər qoyur, ilk növbədə onlara əməl edilməsini tələb edir:
“Ankara vurğulayır ki, sərhədlərin açılması prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçiriləcək. Düzdür, Ermənistanda ağıllı adamlar reallığı, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın önəmini dərk edirlər. Amma Qərb və Rusiya tərəfindən sıxışdırılan Paşinyan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Ona görə də gələcək haqqında dəqiq proqnoz vermək çox çətindir. Azərbaycan-Ermənistan arasında sərhəd məsələsi həll olunduqdan sonra Ankara-İrəvan əlaqələri də normallaşa bilər”.
İsmayıl Qocayev