Soçi görüşünə Lukaşenkonun da kölgəsi düşür


Qafqazla bağlı qərar qəbul edilərsə, burada Belarus liderinin vasitəçiliyi və təmasları müstəsna əhəmiyyət kəsb edəcək

“Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Ərdoğan arasında Rusiyada baş tutacaq görüş öncəsi Belarus rəhbəri Aleksandr Lukaşenko Soçiyə gəlib. Lukaşenkonun səfəri özəl xarakter daşısa da, onun gəlişinin Soçi görüşü öncəsinə təsadüf etməsi diqqət çəkir”. Bu barədə “Şərq”ə siyasi şərhçi Turan Rzayev deyib. Görüş öncəsi baş verən prosesləri təhlil edən analitik vurğulayıb ki, Soçi görüşü zamanı Ərdoğan və Putinin müzakirə edəcəyi başlıca mövzulardan biri Qarabağ məsələsi olacaq:

“Düzdür, Rusiya Xarici işlər naziri Sergey Lavrov Soçidə baş tutacaq görüşdə tərəflərin Suriyadakı terrorçular və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcəyini bildirib. Lakin Ərdoğanın Qarabağ məsələsini israrla müzakirəyə daxil edəcəyi sirr deyil. Ərdoğanın 44 günlük müharibənin başlanmasının ildönümü münasibətilə Prezident İlham Əliyevə zəngi bunu təsdiqləyir. Ümumiyyətlə, rəsmi Bakı və Ankara arasında siyasi məsləhətləşmələrin olması adi hala çevrilib. Ekspertin sözlərinə görə, tərəflər vaxtaşırı telefon zəngi ilə və ya birbaşa görüşərək regionda baş verən prosesləri müzakirə edirlər. İki lider birlikdə atılacaq addımları müəyyənləşdirərək veriləcək qərarların detallarını birlikdə müzakirə edir. Bu mənada deyə bilərik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısına telefon zəngi təkcə 44 günlük müharibənin Anım günü ilə əlaqəli deyil, həm də Soçi görüşü öncəsi son məsləhətləşmədir”.

T.Rzayevə görə, Belarus rəhbərinin Rusiya və Azərbaycan prezidentləri ilə münasibətlərinin nə dərəcədə yaxşı olduğu hər kəsə bəlidir:

 “Son aylarda Lukaşenko-Ərdoğan dialoqu inkişaf etməkdədir. Lukaşenkonun Soçi görüşü öncəsi Ərdoğanla qeyri-rəsmi telefon danışığı, eyni zamanda Putinlə təması gözlənilir. Soçi görüşündə Qafqazla bağlı qərar qəbul edilərsə, burada Lukaşenkonun vasitəçiliyi və təmasları müstəsna əhəmiyyət kəsb edəcək. İndiki halda Lukaşenkonun Türkiyə və Azərbaycana yaxınlaşması təsadüfi deyil. Ölkə rəhbərləri arasında dostluqdan əlavə Belarusun ciddi ölçüdə maliyyə yardımına ehtiyacı var. Lukaşenko anlayır ki, ölkə iqtisadiyyatını və rifahını yaxşılaşdıra bilsə, bu, ona qarşı günü-gündən artan narazı kütləni az da olsa sakitləşdirər. Buna görə də Belarus prezidenti müəyyən mənada Ankara və Bakının maraqlarını öz maraqları kimi görür”. 

İsmayıl