Ermənistana inana bilmərik! – “Mina xəritələrinin doğruluğunu yoxlamalı...”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır. Nazir bu barədə İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.O bildirib ki, hazırda əsas məqsəd işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir.
C.Bayramov bildirib ki, mina xəritələrin təxminən 25 faizi faydalı hesab oluna bilər:"Bu amillər aparılan abadlıq-quruculuq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”.

Məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistan tərəfindən verilən xəritələrin həqiqətə uyğun olmaması prosesin əvvəlindən bir çox mütəxəssis və ekspert tərəfindən şübhə altına alınmışdı:

“Mən də dəfələrlə vurğulamışdım ki, iki yaşında yatan körpəni raket atıb qətlə yetirən Ermənistanın verdiyi minalı sahələrin xəritələrinə etibar etmək məntiqə uyğun gəlmir. İlkin proqnozlar həm Prezidentin, həm də XİN rəhbərinin çıxışlarında öz əksini tapır. Ermənistanın Xocalı, Malıbəyli, Quşçular, Bağanis Ayrım, Qaradağlı, Bərdə, Tərtər, Gəncə qətliamının müəllifi kimi Azərbaycana itkilərini azaltmaq üçün hansısa real addımlar atacağına inanmaq olmaz. Bu xəritələr ola bilsin ki, ən yaxşı halda minaların basdırıldığı yeri deyil, onların sektorlarını müəyyənləşdirsin. Ermənistan tərəfindən verilən xəritələrə istinad edib, inana bilmərik. Hər dəfə həmin xəritələrin doğruluğunu yoxlayıb, ondan sonra bu barədə fikir bildirmək olar”.

Ə.Verdiyev vurğulayıb ki, indiyə qədər verilən xəritələrin 25 faizinin faydalı olması belə təccüb doğurur:

“Gələcəkdə bu xəritələrin Azərbaycana verilməsinin də böyük proseslərə dəyişiklik edəcəyini düşünmürəm və xəritələrin daha keyfiyyətli olacağını zənn etmirəm. Bu xəritələr rəqəmsal vəziyyətə salınmayıbsa, GPS-lə həmin minaların yeri, sərhədləri və konturları dəqiqləşdirilməyibsə, gələcəkdə verilən xəritələr də eyni effektivlik faizinə malik olacaq. Bunun qarşısını almaq üçün Azərbaycanın əlində bir neçə mexanizm var. Sadəcə ölkəmiz hələ bu mexanzimlərdən istifadə etmək istəmir. Perspektivdə regionda qonşuluq, sülh və əmin-amanlığın bərpa olunması naminə həmin mexanizmləri sonrakı zamana saxlayırıq. Lakin əlacımız olmadığı müddətdə daha effektiv tədbirlər görə bilərik”.

Yeganə Bayramova