“O jurnalist həm kifayət qədər öyrədilmiş idi, həm də cənab Prezidenti təxribata çəkmək istəyirdi”
“Çünki Fransa uzun müddətdir ki, Türkiyə və Azərbaycana qarşı hər cür qərəzli addımlar atır”
“Ali Baş Komandan peşəkar və yüksək səviyyədə bütün diplomatik etiketlərə riayət etməklə, Azərbaycan mədəniyyətini göstərməklə sualların hamısına cavab verdi”
“Reallıq ondan ibarətdir ki, biz Cənubi Qafqazda siyasi aktor statuna keçmişik”
Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində bu ölkənin Azərbaycan-Ermənistan arasındakı münaqişədə qərəzli mövqe sərgilədiyini vurğulayıb. Ölkə başçısı çıxışında bir sıra arqumentləri əsas gətirərək, ATƏT-in həmsədr ölkəsi kimi Fransanın düzgün mövqedən çıxış etmədiyini açıq şəkildə diqqətə çatdırıb:
“Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini.
Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmirəm, biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Hesab edirəm ki, müharibənin başlanmasından bir ilin keçməsinə baxmayaraq, regionda nəyə nail olmaq istədiyimizə gəldikdə, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”.
Prezidentin sözügedən müsahibəsinin son bir ildə verdiyi müsahibələrdən daha dolğun və güclü olduğunu deyən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev söyləyib ki, ölkə başçısı açıq şəkildə Fransa və İranın müharibə zamanı və müharibədən sonra tutduğu mövqe barəsində fikirlərini bildirib:
“Ölkə başçısının müsahibəsini bir neçə istiqamətdə dəyərləndirmək olar: Müharibə dövründə və müharibədən sonrakı vəziyyət, ermənilərin törətdiyi vəhşiliklər, Fransa və İran dövlətinin mövqeyi, o cümlədən Rusiya sülhməramlılarının fəaliyyəti. Cənab Prezident ATƏT-in həmsədr ölkəsinin bitərəf mövqedən çıxış etməli olduğunu gündəmə gətirdi. Fransa təkcə həmsədr dövlət kimi yox, eyni zamanda erməni lobbisinin güclü olduğu bir dövlət kimi bu məsələlərdə əks mövqedə durur. Çünki Fransa uzun müddətdir ki, Türkiyə və Azərbaycana qarşı hər cür qərəzli addımlar atır”.
C.Nuriyev qeyd edib ki, “France-24” telekanalı jurnalistinin verdiyi suallar provokasiya xarakteri daşıyırdı:
“Bir dövlət başqa bir dövləti terror və qeyri-qanuni cinayətdə günahlandırırsa, ortaya faktlar qoymalıdır. Jurnalistlər hansısa fikir söyləyə bilərlər, heç kim onlara qadağalar qoymur. Amma dövlətlərarası məsələlərdə dəqiq olmayan faktlar gündəmə gətirmək olmaz. Bu, həmin dövlətə və onun jurnalistinə baş ucalığı gətirmir. Ona görə də “France-24” telekanalının jurnalisti həm kifayət qədər öyrədilmiş idi, həm də cənab Prezidenti təxribata çəkmək istəyirdi. Lakin o, cavabını çox gözəl aldı. Ali Baş Komandan peşəkar və yüksək səviyyədə bütün diplomatik etiketlərə riayət etməklə, Azərbaycan mədəniyyətini göstərməklə sualların hamısına cavab verdi. Bir il ərzində Prezidentimiz 50 dövlətin telekanalına müsahibələr verib, bu, bir ilk idi. Çox xoşdur ki, Azərbaycan bir il öncə ilə müqayisədə bu gün daha çox tanınır və daha çox müraciət olunan dövlətdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan və onun Prezidenti dünya siyasətinə müdaxilə etmək gücünə malik olan bir dövlətdir və ölkə başçısıdır. Biz Cənubi Qafqazda siyasi aktor statuna keçmişik”.
Yeganə Bayramova