Pakistan ixrac imkanlarını genişləndirmək məqsədi ilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb.
Bu barədə "Report"a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.
Bu məqsədlə "National Logistics Cell" logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında (ABADA) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və ABADA rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qayadalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
"National Logistics Cell" logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək, çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığını qeyd olunub. Azərbaycana ilk sınaq yükləri isə 5-6 oktyabr tarixlərində çatacaq.
Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. "National Logistics Cell" logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib.
ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq "National Logistics Cell" logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Palatasının iki ölkə arasında ixrac-idxal imkanlarına müsbət təsir edə biləcəyi vurğulanıb. Pakistana məxsus yüklərinin Azərbaycan daşıyıcıları vasitəsi ilə Avropaya daşınma imkanları da müzakirə olunub.