Xuraman Qasımova Prezidentə təşəkkür edib


"Çox qürurlu və həyəcanlıyam, çünki ölkəmizin ən yüksək ordeninə layiq görülmüşəm".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, "İstiqlal" ordenli Xuraman Qasımova bildirib.

O deyib ki, bu zalda dəfələrlə dövlət başçısının qarşısında çıxış edib: "Mən bu sənətə ilk addımlarımı atanda bilmirdim ki, belə uğurların sahibi olacağam. Sadəcə peşəmin vurğunuyam. Hər zaman çalışmışam ki, incəsənətimizi xarici ölkələrdə təmsil edim, musiqimizin gözəlliyini digər xalqlara da duyurum. Görünür, bunu bacardığım üçün bu gün bu mükafata layiq görülürəm. Həm bu mükafata, həm də mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürümü bildirirəm".

Xalq artisti Vətən müharibəsində qazanılan qələbə və ordumuzun şücaəti haqqında öz duyğularını da bölüşüb: "Mən Azərbaycanımı, Qarabağımı çox sevirəm. Bizə bu günləri göstərən ordumuza minnətdaram, onların sayəsində torpaqlarımız qayıdıb. Son zamanlarda çox qürurlu günlər yaşamışıq. Biz qalib xalqıq və bununla hər zaman qürur duymalıyıq. Bu yaxında Vətən müharibəsində canını qurban verən şəhidlərin anım günü idi. Biz onları ehtiramla yad etdik. Mən şəhid və qazi ailələrinin qarşısında baş əyirəm. Yaşasın Azərbaycan xalqı, var olsun Qarabağ!".

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun tarixli sərəncamı ilə Xalq artisti Xuraman Qasımova "İstiqlal" ordeni ilə təltif edilib.