Rusiya imperiya siyasətindən geri çəkilmir
"Ötən illər ərzində Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təzyiq və hərbi müdaxiləsinin qarşısını almaq yönündə ciddi tədbirlər görə bilməyib"
Avropa İttifaqı Ukraynada qurumun hərbi təlim missiyasının yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb. Missiya “Aİ -nin Ukraynadakı hərbi məsləhət və təlim missiyası” adlanacaq və Ukrayna ilə həmrəyliyi ifadə edəcək. Nəşr vurğulayıb ki, Ukraynanın xarici işlər naziri və müdafiə naziri iyulun sonunda təlim missiyasının ölkədə yaradılmasını xahiş ediblər. Hətta bununla bağlı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə də məktub göndəriblər.
Kiyevin hərbi təlim missiyası ilə bağlı xahişini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Ukraynanın uzun müddətdir Rusiya tərəfindən təcavüzə məruz qalması Avropa İttifaqının diqqət mərkəzindədir. Lakin partiya rəsmisinin sözlərinə görə, ötən illər ərzində Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təzyiq və hərbi müdaxiləsinin qarşısını almaq yönündə ciddi tədbirlər görə bilməyib:
“Tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatına təsir etsə də, Kreml öz imperiya siyasətindən geri çəkilmir. Rusiyanın işğal etdiyi Ukrayna ərazisindən çəkilməsi üçün görülən hüquqi tələblər, tətbiq edilən ciddi siyasi və iqtisadi sanksiyalar effektsizdir. Çıxış yolu Ukraynanın hərbi yolla öz suverenliyini təmin etməsindədir. Bu istiqamətdə ciddi addımların atıldığını görürük. Ukrayna son bir ildə hərbi potensialını artırmaq üçün güclü beynəlxalq dəstək toplamağa başlayıb. Ordusunu NATO standartlarına uyğunlaşdırmaq istiqamətində fəal iş aparır.Türkiyə və İsraildən ən müasir hərbi texnika və sursatlar alınır”.
V.Əfəndiyevin qənaətincə, Rusiya hərbi kontingentinin Ukrayna sərhədlərinə doğru irəliləməsi fonunda NATO və Avropa İttifaqı ciddi narahat olmağa başlayıb:
“Təkcə işğal olunmuş Krımda 100 min canlı qüvvə toplanıb. Prezident Zelenski ABŞ və Avropa İttifaqına dəstək üçün müraciət edib. Eyni zamanda Rusiya donanması Kerç boğazında beynəlxalq gəmilərin hərəkətinə məhdudiyyətlər qoyub. Bu da BMT-nin "dəniz hüququ" konvensiyasını ciddi şəkildə pozur. Hazırda Qara dənizdə Batumi sahillərində NATO-gəmiləri lövbər salıb. Avropa İttifaqı Ukraynanı öz sıralarına inteqrasiya etdirmək istiqamətində daha fəal görünür. Hesab edirəm ki, Kiyevin müraciətinə müsbət cavab veriləcək. Avropa İttifaqının xarici siyasət və və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel aprel ayında “Ukraynaya qarşı təcavüzün təhlükəli vəziyyətə gəlməsi” şəraitində qurumun planının olacağını vurğulamışdı”.