Xalq Paşinyana qarşı mitinqlərə yox, ona dəstək üçün küçələrə çıxar
Ermənistanın Daşnaksütyun Partiyasının üzvü Baqrat Yesayan jurnalistlərlə görüşündə bildirib ki, ölkədə Paşinyan əleyhinə aksiyalara başlanılacaq. Onun sözlərinə görə, noyabrda mitinqlərin keçiriləcəyindən əmindir: “Xalq keçmiş və indiki manipulyasiyadan qurtulmalı və təhlükədə olduğunu anlamalıdır. Siyasi elitanın vəzifəsi səylər göstərmək və xalqa mesajlar çatdırmaqdır. Bu, siyasət deyil, dövlətin taleyi həll edilir”.
Ermənistanda planlaşdırılan aksiyalarla bağlı “Şərq”ə danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, erməni müxalifətinin xalqa çağırış etməkdən başqa heç bir çarəsi və gücü qalmayıb. Analitik vurğulayıb ki, bu, onların ümidsiz və çarəsiz olduqlarının göstəricisidir:
“Müxalifət yaxşı bilir ki, müharibədən məğlub çıxan Paşinyana yenidən etimad göstərən erməni cəmiyyəti onların cəfəng və revanşist məqsədli çağırışlarına cavab verməyəcək. Buna baxmayaraq, yenə də ermənilərə çağırış etmələri xarici havadarlarına mesaj vermək xarakteri daşıyır. Onlar Rusiya və beynəlxalq erməni dəstəkçilərinə guya hələ də ayaqda olduqlarını göstərmək istəyirlər. Onların çağırışlarına heç bir normal təfəkkürlü erməni fikir verməz. “Daşnak” və “Qarabağ klanı”na qulluq edən kiçik qruplardan başqa heç kim onlara qatılmaz”.
A.Qasımovun qənaətincə, Nikol Paşinyanın yaxın günlərdə Azərbaycan və ya Türkiyə prezidentləri ilə görüşü baş tutarsa, “noyabrda mitinq” iddiası ilə çıxış edənlərin arzuları puç olacaq:
“Buna Azərbaycanın terrorçu kimi həbs etdiyi hərbçilərin əksər hissəsinin Ermənistana qaytarılması kimi addımlar da təsir edə bilər. Bu baxımdan, ilin sonu bir sıra vacib qərarların alınması ilə yadda qala bilər. Erməni cəmiyyəti isə Paşinyana qarşı mitinqlərə yox, ona dəstək üçün küçələrə çıxar”.