Natiq Cəfərli: "İki ölkə rəhbərliyi arasında yaxın günlərdə görüşün keçirilməsi ehtimalı çox yüksəkdir"
Avropa Birliyi ölkələrinin və Avstriya hökumətinin təşkilatçılığı və bəzi “beyin mərkəzləri”nin dəvəti ilə Vyanada azərbaycanlı deputatlarla Ermənistanın partiya təmsilçilərinin görüşü baş tutub. Müzakirələrdə Azərbaycan tərəfini müxalifətin təmsilçisi kimi millət vəkili, ReAL təmsilçisi Erkin Qədirli və deputat Tural Gəncəliyev təmsil ediblər.
Ermənistandan isə üç siyasətçi görüşə qatılıb. Görüşdə regionumuzun gələcəyi, sülh quruculuğu üçün Azərbaycan və Ermənistan arasında birbaşa təmasların vacibliyi qeyd olunub.
Baş tutan görüşlə bağlı “Şərq”ə danışan ReAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Azərbaycan dövlətinin postmüharibə dövründə hərbi qələbəni diplomatik üstünlüyə çevirməsi və sülh prosesində aktivliyi təbiidir. Partiya rəsmisi qeyd edib ki, 44 günlük savaş torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad olunması ilə yanaşı, regionda sülh quruculuğuna da əsas yaratdı:
“İndiki məqamda Azərbaycanla Ermənistan arasında birbaşa təmasların olması, istər XİN başçıları, siyasi partiyalar, deputatlar, istərsə də media və QHT nümayəndələri timsalında görüşlərin intensivləşməsi pozitiv haldır. Ermənistanla təmasları ümumi məxrəcə gəlməkdə, sülh müqaviləsinin bağlanması prosesində irəliyə doğru addım kimi dəyərləndirmək olar. Xarici işlər nazirləri və hökumətlər səviyyəsində də təmaslar intensiv davam etməkdədir”.
N.Cəfərli qeyd edib ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın həftələrdə baş tutması gözlənilən görüşünə hazırlıqlar gedir: “Bu tipli təmasların alqoritmi ondan ibarətdir ki, öncədən müəyyən razılaşmalar olur və sonrasında yüksək səviyyəli görüşlər reallaşır. Daha sonra ictimaiyyətə müəyyən razılaşmalar elan edilir. İki ölkə rəhbərliyi arasında yaxın günlərdə görüşün keçirilməsi ehtimalı çox yüksəkdir. Görüşdən müəyyən nəticələr də gözləmək olar. Hazırda yaşanan görüş trafiki ondan xəbər verir ki, müəyyən məqamların razılaşdırılması, sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin detalları ilə bağlı ciddi müzakirələr getməkdədir”.