“Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium... – Fotolar

Oktyabrın 8-də Bakıda Azərbaycan Texniki Universiteti,  Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium işə başlayıb. 


Simpoziumda təhsil nazirinin müavini Muxtar Məmmədov, Türk Ocağı təşkilatının sədri, professor Mehmet Öz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

 O cümlədən konfransa Türkiyə və Orta Asiya ölkələrindən 31, Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi təşkilatlarından 18 alim qatılıb. 



Açılış mərasimindən öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və eks-prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarlarını ziyarət ediblər. 

Qardaş türk respublikalarından Azərbaycana təşrif buyurmuş qonaqların növbəti məkanı Şəhidlər Xiyabını və Bakı Türk Şəhidliyi olub. 


Daha sonra İkinci Fəxri Xiyabanda uyuyan 44 günlük Vətən savaşının şəhidləri ziyarət olunub. Ziyarətçilər Vətən uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın məzarlarına tər çiçəklər düzüb, ruhlarına fatihə oxuyublar. 

Tədbirin açılış mərasimi Azərbaycan Texniki Universitetinin Akt zalında keçirilib. İlk olaraq 44 günlük savaşda şəhid olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. 

Çıxış üçün ilk söz Azərbaycan Təhsil nazirinin müavini Muxtar Məmmədova verilib. Nazir müavini bildirib ki, tədbirin simvolik xarakter daşıdığını deyib. Vurğulayıb ki, 10 gün sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü qeyd olunacaq: 

“Builki müstəqillik günü öncəkilərdən ciddi şəkildə fərqlənəcək. Bu il Azərbaycan xalqı öz müstəqilliyini ərazi bütövlüyünü bərpa etmiş, Qarabağda bayrağımızı dalğalandırmış bir dövlət kimi qeyd edəcəyik. Konfransın məhz ali təhsil ocağında keçirilməsi də simvolik mahiyyət kəsb edir. Dövlət müstəqilliyimizin bərpa olunması, ötən il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi gələcək nəsillər üçün böyük bir dərsdir. İstər müstəqilliyimizi bərpa edənlər, istərsə də qoruyub saxlayanlar, azadlıq üçün canlarını verənlər böyük məktəb keçiblər. Dövləti güclü edən onun vətəndaşlarıdır. Vətəndaşı yetişdirən də məhz təhsil müəssisələridir. O səbəbdən belə tədbirin məhz universitetdə keçirilməsi gənclərin maariflənməsi baxımından çox önəmlidir. 

Unutmayaq ki, ötənilki Vətən müharibəsində bizlər üçün canlarından keçən şəhidlərimizin hamısı vaxtı ilə şagird və tələbə olublar. Gənclərimizi güzgün təhsillə əsl vətəndaş kimi yetişdirməliyik. Bizim əsas missiyamız şəhidlərimizin canlarını qurban verdikləri Vətənimizi, dövlətimizi daha da gücləndirmək, inkişaf etdirməkdir, gələcəyə daşımaqdır”. M.Məmmədov əlavə edib ki, 44 günlük savaşda bizə hərtərəfli dəstək olan, daim yanımızda dayanan qardaş Türkiyə təmsilçiləri ilə Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd etmək ayrıca xoşbəxtlikdir və xüsusi simvolik əhəmiyyətə malikdir. 

Sonra Türk Ocağı təşkilatının sədri, professor Mehmet Öz çıxış edib. Professor bildirib ki, beynəlxalq simpoziumun Azərbaycanda, Bakıda təşkil olunmasının rəmzi mənası var:

 “Bir il öncə Azərbaycan xalqı 44 günlük savaş nəticəsində 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarını azad etdi. Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini hörmət və izzətlə yad edirəm. İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı ordusu həqiqətən böyük qəhrəmanlıq nümayiş etdirdi. Əlbəttə, Türkiyə Cümhuriyyəti də qətiyyətli mövqe sərgilədi. Hər iki ölkənin hörmətli dövlət başçılarının rəhbərliyi altında mühüm ortaq qərarlar alındı, birgə addımlar atıldı. Bir daha bu mühüm tədbiri təşkil edənlərin hər birinə öz təşəkkürümü bildirirəm”. 

Mehmet Öz rəhbəri olduğu Türk Ocağı təşkilatı haqqında da qısaca məlumat verib: “Türk Ocağı 1912-ci ildə qurulub. Bu qurumun təşkilatçıları arasında sadəcə Türkiyə türkləri deyil, Azərbaycan türkləri də yer alıb. 

Şuşalı Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusuf Akçura kimi şəxslərin bu ocağın təsis edilməsində önəmli rolları olub. Bu təşkilat türk dünyasının mədəni-maarifçilik yönünü inkişaf etdirmək məqsədi ilə qurulub və hər zaman siyasətdən kənarda dayanıb. İndi də eyni istiqamət üzrə fəaliyyətimizi davam etdiririk. Elm və təhsil sahəsində önəmli tədbirlər həyata keçirmişik, türk xalqları arasında bilgi körpüsü salmağa çalışmışıq. Xatırladım ki, Türk Ocaqları Birinci Dünya müharibəsində və Kurtuluş savaşında ciddi mübarizə aparıb. Türkiyə Cümhuriyyətinin qurulmasında müstəsna rol oynayıb”. 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümündə belə bir tədbirin keçirilməsinin çox əhəmiyyətli olduğunu bəyan edib. Səfir qeyd edib ki, bu konfrans həm də seçdiyimiz yol xəritəsində harada olduğumuzu, hansı işləri görməli olduğumuzu müəyyənləşdirmək üçün tarixi bir dəyərləndirmədir: 

“Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini özündə əks etdirməsinə baxmayaraq, həmin sənədin məzmununun türk birliyinin ümumi vəzifəsinə çevriləcəyinə inanıram. Şuşa Bəyannaməsində göstərilir ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməlidir. Bu, bizim üçün təlimatdır. Bunun bütün türk dövlətlərinə şamil olunmasını arzulayırıq”. 
Cahit Bağçı vurğulayıb ki, türk dövlətləri daha sıx birləşməlidir: “Asiyadakı geopolitik durum nəzərə alınmalıdır. Bu mənada türk dövlətləri bir-biriləri ilə daha sıx birləşməlidir. Türk dövlətlərinin kiçik sərhəd problemlərinə görə bir-biriləri ilə düşmən olmamasını arzulayırıq. Min illik tarixə sahib türk dövlətləri bunu bacaracaq gücə malikdir”. 

TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz bəyan edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan öz müstəqilliklərini elan edərkən, həmin ölkələri ilk tanıyan dövlət məhz Türkiyə Cümhuriyyəti olub. Yılmaz deyib ki, TİKA bütün türk respublikalarında, bir çox sahələrdə önəmli addımlar atıb:

 “Təşkilatımız 1992-ci ildə qurulub. O zamankı əsas missiyamız müstəqilliklərini yeni qazanmış türk respublikalarında nümayəndəlik təsis etmək idi. Türkiyənin bölgədə, türk dünyasında nüfuzu və rolu artdıqca TİKA-nın da fəaliyyət istiqaməti genişlənib. Qurumun dünyanın xeyli ölkəsində nümayəndəlikləri yaradılıb. Buna baxmayaraq, təşkilatımız üçün türk respublikalarının xüsusi önəmi olub. Hər kəs əmin olsun ki, bundan sonra da öz fəaliyyətimizi böyük əzm və həssaslıqla davam etdirəcəyik”. 

Qazi Universitetinin rektor yardımçısı, professor Bekir Buluç ilk növbədə tədbir iştirakçılarına Qazi Universitetinin rektoru, professor Musa Yıldızın salam və sevgilərini çatdırıb. Vurğulayıb ki, qardaş ölkədə, gözəl Bakı şəhərində və alimlərin əhatəsində olmaqdan çox məmnundur: “30 il ərzində bütün türk dövlətləri böyük inkişaf yolu keçiblər. Qazi Universisteti təhsil məsələsinə çox diqqət verir, bütün türk ölkələrinin ali təhsil ocaqları ilə sıx təmasda oluruq, bir universitetlərlə tələbə mübadiləsini həyata keçiririk”. 

UNESCO Türkiyə Milli Komitəsinin rəhbəri professor Öcal Oğuz tədbirdə onlayn formatda çıxış edib. Oğuz türk dünyasının birliyi və güclənməsi üçün həyata keçirilən bütün tədbirlərin, atılan addımların önəmli olduğunu deyib və təşkilatçılara təşəkkürünü bildirib: 

“Azərbaycanda başqa olmaqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillliklərinin 30-cu ildönümünü qeyd etmələri çox önəmlidir. Vurğulamaq lazımdır ki, müstəqilliklərinin 30-cu il dönümünü qeyd edən türk respublikalarında barış və sülh mühitinin yaradılması, əmin-amanlığın təsis edilməsi, savaşların olmaması olduqca vacibdir”. 

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın çıxışı zamanı bir təkliflə çıxış edib. C.Yanğın bildirib ki, türk dövlətləri ümumilikdə 1.1 trilyon dollar milli valyuta ehtiyatına sahibdir: “Dünyada bir çox iqtisadi birliklər mövcuddur. Əgər türk dünyası bu maddi ehtiyatlardan istifadə edərək əlaqələrini daha da sıxlaşdırarsa, ticari əməkdaşlığı genişləndirərsə, türk ölkələrinin iqtisadi birliklərinin ömrü uzun olacaq. Əks halda elmi tədbirlərdə ortaya atılan tezislər, yol xəritəsi iş adamlarımız tərəfindən istifadə olunmamış qalacaq. Yəni bizlər öz vəzifəmizi icra etməmiş olacağıq. Elm adamları iş dünyasının mənsublarına yol, cığır açır, onların irəliləməsinə yardımçı olurlar. Biz də buna nail olmalıyıq, işlərimizi koordinasiyalı şəkildə qurmalıyıq. 30 ildir Azərbaycandayam. Mən bu gün müstəqilliyinin 30-cu ildönümünü qeyd edən ölkənin müstəqilliyini bərpa etdiyi günlərə şahidlik etmişəm. 30 il ata vətənimizdə başımız dik yaşamışıq. Amma 44 günlük Vətən savaşından sonra əhval-ruhiyyəmiz, röyalarımız, duyğularımız da dəyişib. Qarabağ savaşından sonra qardaşlarımızın hiss etdiyi, yaşadığı duyğuları mən də yaşayıram. Demək istəyirəm ki, bugün iş adamları olaraq qarşımızda daha çox imkan və daha əlverişli mühit var. Bunu türk dünyasının faydasına istifadə etməliyik”. 

Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı çıxışı zamanı bildirib ki, Azərbaycan Türk Ocağı 1918-ci ildə qurulub. Birlik sədri qeyd edib ki, Bakı işğaldan azad olunandan, yəni 1918-ci ilin sentyabrın 15-dən sonra Azərbaycanın ilk daxili işlər naziri olmuş Behbud xan Cavanşirin sərəncamı ilə ilk qeydiyyata alınan qurum məhz Azərbaycan Türk Ocağı olub:

 “1918-ci il oktyabrın 6-da indiki Konstitusiya Məhkəməsinin binasında fəaliyyətə başlayıb. İlk elmi məruzəsi orada dinlənilib. Azərbaycan Türk Ocağının ömrü də Cümhuriyyət qədər oldu, cəmi 23 ay yaşadı. Ancaq türkçülük məfkurəsi, türk birliyi, milli kimlik ideyaları xalqın yaddaşından heç vaxt silinmədi. Biz AXC-nin 100 illiyi ərəfəsində bu mirası bir qrup Azərbaycan ziyalıları tərəfindən yenidən bərpa etdik. Yüz il əvvəl Cümhuriyyətin qurucuları arasında Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə və başqaları idi. Yüz il sonra bu dövrün ziyalıları bir araya gələrək önəmli missiyanı davam etdirməyi üzərimizə götürdük. Fəaliyyət göstərdiyimiz iki il müddətində 5 elmi konfrans keçirmişik. İki ay öncə İlahiyyat İnstitutu ilə birlikdə böyük dövlət xadimi Nəsib bəy Yusifbəylinin 140 illiyini qeyd etdik. Azərbaycan Türk Ocağı 44 günlük savaş dönəmində də öz dəstəyini göstərdi. Döyüşlər getdiyi vaxtda Tərtərdə, Bərdə də, Gəncədə də olduq, evi dağıdılmış, yaxınlarını itirmiş insanların dərdinə ortaq olmağa çalışdıq, kimsəsiz uşaqların başına sığal çəkdik. Təbii ki, bunların hamısı Türk Ocaqları təşkilatı ilə Azərbaycan Türk Ocağının ortaq fəaliyyəti ilə reallaşmışdı. Bu ocağın gur yanması üçün hamımız daim çalışmalıyıq.
Sonda A.Aşırlı tədbirin həyata keçirilməsinə verdikləri dəstəyə görə, Azərbaycan Texniki Universiteti,  Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliklərinə təşəkkürlərini ifadə edib.  

Açılış mərasiminin əsas çıxışlarından sonra Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı tərəfindən Türk Ocaqları təşkilatının sədri, professor Mehmet Özə Şuşanın, Qarabağın rəmzi sayılan xarıbülbül gülünün təsvir edildiyi rəsm əsəri hədiyyə edilib. Türk Ocaqları təşkilatının sədri, professor Mehmet Öz də öz növbəsində tədbirin xüsusi qonaqlarına diplom və kitablar təqdim edib. 

Nahar fasiləsindən sonra beynəlxalq simpozium müxtəlif mövzulu panellərlə davam etdirilib. Xatırladaq ki, oktyabrın 10-dək davam edəcək simpoziumun panel iclaslarında ümumilikdə 48 elmi məruzə dinləniləcək”.