Oktyabrın 9-da Türk Ocağı Dərnəyi, TİKA, Azərbaycan Texniki Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə hazırladıqları “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpoziumun tədbirləri davam etdirilib. Simpoziumun panel iclaslarında Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31, Azərbaycanın müxtəlif ali məktəb və elmi müəssisələrindən 18 alim iştirak edib. 50-dək elmi məruzə dinlənilib.
Qeyd edək ki, simpoziumun növbəti panelləri Azərbaycan Texniki Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutub.
Simpoziumun ilk panel iclasının mövzusu “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq” olub.
İlk çıxış üçün söz sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Baydəmirliyə verilib. İqtisadçı-alim vurğulayıb ki, Türkiyə ilə digər Türk Cümhuriyyətləri arasındakı sosial iqtisadi əlaqələri, əsas makroiqtisadi dəyişənləri təhlil etmək üçün tarixə bir ekskurs etmək lazımdır. Ekspertin sözlərinə görə, türk dövlətləri arasında inteqrasiya və ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, sosial və mədəni münasibətler SSRİ-nin süqutundan sonra sürətlənməyə başlayıb: “Türkiyə və digər türk dövlətlər arasında iqtisadi əlaqələrin gözlənilən səviyyəsi inkişaf etməmiş kimi görünür. Buna bir çox səbəblər var, əsas səbəblərdən biri Orta Asiya coğrafiyasında yerləşən ölkələrin Rusiya Federasiyasından asılılığının ciddi şəkildə qalması, eyni zamanda coğrafiyanın genişliyi, strateji əhəmiyyətli layihələrə dünya güc merkezlerinin təsiri, türk cəmiyyətlərinin hələ də ortaq dil mövzusunda anlaşmalarının icrasının ləng getməsi və s. faktorları göstərmək mümkündür.
Bununla yanaşı, Türkiyənin bu ölkələrlə tarixi və mədəni əlaqələrinin olduğunu da qeyd etmək vacibdir. Türkiyə ilə Türk Cümhuriyyətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi həm Türkiyə, həm də Türk Cümhuriyyətlərinə lazımdır. Həmçinin, yaddan çıxartmaq lazım deyil ki, 21-ci əsrdə Avrasiya materikində 3 güc mərkəzlərinin Çin, Rusiya, Avropa Birliyinin maraqlarının kəsişdiyi nöqtələrde stabil, dinamik inkişaf edən, inteqrasiya sürəti həm tarixi, həm mədəni, həm ünsiyyət vasitələri ilə hərkəsə ortaq mənfəət gətirə biləcək gücdədir. Təbii ki, mərkəzdə duran Türkiyə həm bazar baxımdan böyük olaraq, həm də Qərbin strateji tərəfdaşı olaraq bir təkanverici ölkə kimi bölgədə öz əhəmiyyətini qoruyub saxlayacaq. Birləşdirici bir model olaraq türk dövlətlərinin inkişafı üçün bir örnək model olacaq. Bu səbəbdən Türkiyə Cümhuriyyətləri siyasi, iqtisadi, sosial və mədəni sahələrdə uğurlu əməkdaşlıq, inteqrasiya yolunda yeni layihələrin həyata keçirilməsi üçün təbii müttəfiqliyə getməyə məhkumdurlar”.
Daha sonra “Müstəqil türk ölkələrində otuz illik iqtisadi nailiyyətlər, türk dünyasının yüksəlişində iqtisadi siyasət” mövzusunda Akdeniz universitetinin proffesoru, Msutafa Yıldıran çıxış edib.
Professor bildirib ki, türk ölkələrində iqtisadiyyat sovet rejiminin süqutu ilə buxovdan qurtulub. Onun sözlərinə görə, azadlığa qovuşan türk respublikaları kommunizmin iqtisadi səhvlərindən də xilas olublar: “Bu dövlətlər artıq çoxdan unutduqları bazara iqtisadiyyatına qədəm qoyublar. Sovet dövlətlərinin nəzarəti altında olan türk dövlətlərinin iqtisadi quruluşu ənənəvi iqtisadi quruluş xüsusiyyətlərindən kənara çıxa bilməmişdi. Bu ölkələr 1991-ci ildən 2001-ci ilə qədər siyasi və iqtisadi cəhətdən qeyri-sabit bir dövr yaşadılar. 2001-ci ildən sonra enerji qiymətlərinin artmasının ilə neft və təbii qazla zəngin Azərbaycan, Qazaxıstan və Türkmənistan 2019-cu ilə qədər fasiləsiz böyümə dövrünə girdi. Özbəkistan və Qırğızıstan da bu prosesdən keçdi”.
“Türk Cümhuriyyətlərində əhali siyasəti və ailə” mövzusunda Ankara Yıldırım Beyazıt Universitetinin professor Ayşe Filiz Yavuz çıxış edib. O bildirib ki, dünya ölkələrinin gücünü təşkil edən ən vacib amillərdən biri də əhalidir.
Professorun sözlərinə görə, dünya əhalisi son 50 ildə sürətlə artıb: “Əhali iki dəfə artaraq 8 milyarda çatıb. Türk dünyasının əhalisi cəmi 350 milyon civarındadır, lakin yaydıqları coğrafiya daha geniş bir ərazini əhatə edir. Bəzi türk icmalarının əhalisi sürətlə azalır və tükənməyə doğru gedir və ağıllı əhali siyasətinin həyata keçirilməsinə ehtiyac yaranır. Bu siyasətin əsasını ailə təşkil edir. Gücləndirilmiş və dəstəklənən ailə quruluşu ilə bu məsələnin düzgün idarə edilməsi mümkündür”.
Panel iclasının ikinci mövzusu “Türk ölkələri arasında təhsil sahəsində əməkdaşlıq” adlanıb.
“Türk dünyası təhsil məsələsi üzərində düşüncələr” adlı məruzəsi ilə çıxış üçün söz Başkent Universitetinin professor Servet Özdemirə verilib. Professor bildirib ki, XXI əsrdə bütün dünyada təhsil sistemləri yenidən qurulsa da, heç bir ölkə təhsil sistemindən məmnun görünmür. Özdemirə görə, nisbətən homojen quruluşa sahib ölkələrdə, yəni idarəetməsini, sosial və iqtisadi siyasətini dəyişən ölkələrdə təhsil sahəsində problemlər daha çoxdur: “Sistemin qurulması çox vaxt aparan bir prosesdir. Problem köhnə paradiqmalarda və kadrlardadır. Ona görə də bu tip ölkələr yeni sistemə uyğunlaşmaqda çox problemlərlə üzləşdilər”.
Professora təhsil sahəsindəki problemləri aradan qaldırmaq və keçmiş səhvlərə yol verilməməsi üçün türk ölkələri arasındakı əlaqələr dövlətlər səviyyəsində həyata keçirilməlidir: “Bu baxımdan Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) qurulması vacib bir addımdır. Xarici ölkələrdə “Türklər və Qohum Topluluklar Başqanlığı”nın və Yunus Əmrə İnstitutunun qurulması da əhəmiyyətli bir inkişafdır. Bu təşkilatlar tərəfindən əhəmiyyətli işlər görülüb. Qurumlar arası koordinasyon çox vacibdir”.
Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun məruzəsinin adı “Qafqaz və anadolu mədrəsələrinin ortaq dəyərləri: XIX əsr nümunəsində” olub. Ə.Niyazov bildirib ki, tarixi hadisələr bəzən bir xalqın yaxud müəyyən bir bölgənin şəkillənməsinə səbəb olur və maddi mədəniyyətin meydana gəlməsində böyük rol oynayır: “Başlanğıcda bir qaynaqdan “mənimsənilən” bu qazanclar müəyyən müddətdən sonra özlüyündə müəyyən dinamikaya çevrilən və “vücuda gətirən” bir kültür olaraq davam edir. Beləliklə həm mənimsədiyi dəyərlər ətrafında eyni duyğuları paylaşan könül birliyi meydana gətirir. Həm də vücuda gətirdiyi özünəxas dəyərlər ətrafında müxtəlif kütlələrin vahid harmoniyasını əldə etməyə nail olur. Necə ki, Qafqazın yaxın keçmişində bölgə mədrəsələrinin təşəkkülü və inkişafında Anadoludan gələn dəyərlər böyük rol oynayıb, Qafqazda fəaliyyyət göstərən bir çox bölgə mədrəsələri də Anadoludan mənimsədiyi elmi-irfani dəyərləri yerlərdə inkişaf ettirərək nümunəvi dəyərlər meydana gətirmişdi”.
Ankara Yıldırım Beyazıt Universitetinin professoru Emrah Şenel “Türk respublikaları səhiyyə sistemi və görülməsi vacib olan işlər” adlı məruzə ilə çıxış edib. Şenel bildirib ki, türk ölkələrində ali məktəblərdə eyni standartlarda bir mütəxəssis təhsili proqramı həyata keçirilməlidir. Bundan əlavə ali ixtisas üzrə ciddi hazırlıq əməkdaşlığına ehtiyac var:
“Türk respublikalarında adam başına düşən həkim və tibb bacılarının sayı Türkiyədən çox olsa da, Qazaxıstan istisna olmaqla, digər türk cümhuriyyətlərdə səhiyyənin vəziyyəti mənfidir. Yenə bu ölkələr arasında adambaşına düşən sağlamlıq xərcləri baxımından əhəmiyyətli fərqlər var. Əlbəttə, türk dövlətləri 30 illik müstəqillik dövründə müəyyən uğurlar əldə ediblər, amma bunlar kifayət deyil. Səhiyyə sahəsindəki problemlərin çözümü üçün türk ölkələrinin səhiyyə qurumlarının vahid mərkəzdə birləşdirən bir müəssisəyə ehtiyac var. Daha doğrusu bununla bağlı bir “yol xəritəsinə” ehtiyac var”.
Sonrakı panel iclasının mövzusu ilə “Türk Dünyası birliyi və media” olub. Ege Universiteti, Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Abdullah Temizkan “Müstəqilliyin otuzuncu ilində türk dünyasında bilgi istehsalı, təfəkkür dəyişimi” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, 1917-ci il oktyabr inqilabından sonra sovet ittifaqı daxilində bilik istehsal mexanizmlərin hamısı yeni paradiqmaya, leninizm prinsiplərinin təbliğinə yönəlib. Ona görə də bu sahədə ümumi sistem və bütün elementlər sıfırlanmalıdır. Sərt ideoloji baxış bütün sovet İttifaqında tətbiq olunurdu. Təbii ki, bu birliyə daxil olan türklər də bundan təsirlənmişdi. Sovet ittifaqının dağılması ilə müstəqillik qazanan türk respublikaları gələcəyini formalaşdırarkən, sovet zehniyyəti birdən-birə buxarlanmadı. Müstəqillikdən 30 il keçsə də bu zehniyyət hələ də həyata təsir edir. Amma ümumən götürəndə iyirmi birinci əsrdə keçmişə nisbətən daha sürətli bir dəyişiklik prosesi var”.
“Media - türk xalqları birliyinin aparıcı qüvvəsi kimi” mövzusu ilə professor Sabir Məmmədli çıxış edib. O bildirib ki, türk birliyinin formalaşmasında dövlət qurumlarının, dövlətlərarası təşkilatların rolu əvəzsiz olsa da, onun reallaşdırılması, xalqın bütün zümrələrinə çatdırılması, təbliğ edilməsi və bu prosesdə bütöv cəmiyyətin iştirakının təmin edilməsi vəzifəsi həm ənənəvi, həm də müasir media vasitələrinin üzərinə düşür:
“Zəngin tarixi təcrübəyə malik olan türk xalqlarının media vasitələri bütün zamanlarda olduğu kimi bu gün də hər bir toplumun
görən gözü, eşidən qulağı, danışan dili, hayqıran səsidir. Milli mətbuat, radio, televiziya, sosial media, bütövlükdə internet-jurnalistika hazırda milli varlığın, milli düşüncənin əsas daşıyıcısı kimi çıxış edir. Universitetlərin tədris proqramlarına türk xalqlarının mediasına dair fənlərin daxil edilməsi, bakalavr, magistr və doktorantlar üçün elmi mövzuların müəyyənləşdirilməsi, tələbə müba-diləsi, milli KiV-də çalışan jurnalistlərə metodiki dəstək, davamlı olaraq elmi simpoziumların, konfransların təşkili, metodik ədəbiyyatın nəşri və s. böyük əhəmiyyət kəsb edən məsələlərdəndir”.
İclasın sonun mövzusu “Türk dövlətləri arasında ikili münasibətlər və əməkdaşlıq” olub.
“XX əsrdə Türkiyə və Azərbaycanda türk-müsəlman əhalisinin soyqırıma məruz qalması məsələsi Türkiyə və Azərbaycan tarixşünaslığında ortaq araşdırma mövzusu, təcrübə və baxış bucaqları” mövzusunda professor, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edib. Tarixçi alim bildirib ki, Şərqi Anadolu və Cənubi Qafqazın türk-müsəlman əhalisinin XX əsrin əvvəllərindən başlayaraq erməni siyasi-hərbi quldurları tərəfindən mütəmadi olaraq kütləvi qırğınlara, talan və qarətlərə məruz qalması, öz tarixi torpaqlarından qovulması bu xalqların oxşar durumla üzləşməsi və eyni faciali tale yaşadıqlarının göstəricisidir. Bu durumu şartləndirən əsas amil da eyni səbəblərə söykənir. Bölgədə mövcud olan dövlətlərin marağı Osmanlı və Rusiya imperiyalarının ərazilərində milli azlıq kimi yaşayan erməni əhalisinin həmin bölgədə xəyali "Böyük Ermənistan" dövlətini qurmaq və bu məqsədlə bölgənin ərazisini bütün vasitələrlə yerli türk-müsəlman əhalisindən temizləmək idi. Azərbaycan öz müstəqillyini berpa edəndən və qapalı arxivlər açılandan sonra bu mövzunun tədqiqi sahəsində Azərbaycan tarixçiləri və xarici ölkələrin, xüsusən Türkiyənin mütəxəssisləri arasında geniş əməkdaşlığın əsası qoyulub”.
Tarixçi-alim Firdovsiyyə Əhmədovanın “Azərbaycan-Türkiyə əməkdaşlığı: 100 il öncə və sonra” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, XX əsrin əvvəllərindən etibarən Osmanlı ictimai-siyasi düşüncəsi ilə Şimali Azərbaycan cəmiyyəti arasındakı əlaqə milli və dini məzmunlu idi:
“Bu əlaqələr Azərbaycan və ya Osmanlı ictimai-siyasi düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmmədəmin Resulzadə, Nəsib bəy Yusifbəyli və başqaları ilə başlayan müasir ictimai-siyasi əməkdaşlıq çox geniş sahəlidir. Birinci Dünya Müharibəsi zamanı daha dərin əlaqələr quruldu. Qısaca “qardaş yardımı” olaraq dəyərləndirilən bu müddət Azərbaycan Xalq Cümhuriyyətinin elanı ilə rəsmi mövqe qazandı. Qafqaz İslam Ordusunun Azərbaycanda qazandığı zəfərlərin siyasi əhəmiyyəti qədər, mənəvi gücü və dərin sosial məqamları da mühümdür”.