Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.
"Report" xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.
"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm", - o qeyd edib.
"Təxminən 5-6 ildir ki, manatın məzənnəsi ilə bağlı belə proqnozlar verilir. Adətən ilin sonunda və ya əvvəlində belə şaiyələr yayılır. Hesab edirəm ki, biz insanları qorumalıyıq. Ötən ilin yanvarında yayılmış şaiyələrin hesabına insanlar koronavirusun ən yüksək vaxtında bankların qarşısında dayandılar. İnsanlar öz planlarını müsbət proqnoz üzərində qurmalıdır. Mən arzu edirəm ki, peşəkar iqtisadçı jurnalistikamız olsun. Son zamanlar bu proses getməkdərir. Siz analiz edin ki, son 5 ildə belə iddialar yayılıb və nəticəsi nə olub. Açıq deyim ki, hökumətlə, AMB ilə münasibətlərin də öz etik həddi var. Əgər hansısa qərar olsa qurum özü məlumat yayar", - E.Rüstəmov əlavə edib.