Məşhur Məmmədov: “Bu hesabatdan məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsində ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcək”
Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Dövlət Universitetində “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın tədimatı keçirilib, bu hesabat haqqında ictimaiyyətə ətraflı məlumat verilib. BDU rektorunun ideya müəllifi və rəhbəri olduğu layihənin hazırlanmasında universitetinin professor-müəllim heyəti ilə yanaşı, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin görkəmli mütəxəssisləri də iştirak edib.
Layihənin hazırlanmasında məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsi olub.
Xatırladaq ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan bu hesabatın beynəlxalq təşkilatlara, dünyanın bir çox ölkələrinin rəsmi qurumlarına, o cümlədən beynəlxalq vətəndaş institutu cəmiyyətlərinə göndərilməsi nəzərdə tutulur.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi layihələrin milli maraqlarımız, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“İlk növbədə qeyd edim ki, 30 il ərzində baş verənləri unutmağa, yaddan çıxartmağa mənəvi haqqımzı yoxdur. Biz hər zaman bu məsələləri gündəmdə saxlamalı, beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq. Sadəcə Qarabağ və ətraf ərazilərdə deyil, həm də indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan, didərgin salınan soydaşlarımızın bu torpaqlara qayıtması da diqqət mərkəzində saxlanılmalıdır. Biz beynəlxalq aləmin də diqqətini bu məsələlərə cəlb etməliyik. Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərin qarşılanması, Ermənistan tərəfinin buna görə gərəkli təzminatın ödəməsi məsələsi də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.
Biz həmişə görürük ki, Avropa dövlətləri öz ölkələrində, yaxud dünyanın digər bölgələrində yaşayan xristianlarla bağlı həssaslıq sərgiləyir. Bu gün Qarabağdakı 30 min erməniyə görə az qala bütün dünya narahatlıq ifadə edir. Amma bir milyondan çox azərbaycanlının haqlarının pozulması ilə bağlı nə Avropa Şurasında, nə Avropa dövlətlərində ciddi bir narahatlıq müşahidə edilmir. Bizim mənəvi baxımdan haqqımız var ki, daim bu məsələlərə diqqət çəkək, bunu beynəlxalq məhkəmələrə daşıyaq.
BDU rektoru Elçin Babayevin rəhbəri olduğu bu layihə həm milli maraqlarımızın müdafiə edilməsi, həm erməni faşizminin ifşa edilməsi, həm də soydaşlarımızın pozulan haqlarının təmin edilməsi baxımından mühüm bir layihədir. Əslində oxşar layihələrin hazırlanması və beynəlxalq aləmdə yayılması istqiamətində digər qurumlar da aktivlik sərgiləməli, hər bir kəs erməni faşizminin ifşasında yaxından iştirak etməlidir.
Bildiyiniz kimi, bu məsələlər Milli Məclisin də gündəmindədir. Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlərində erməni vəhşiliklərinə diqqət çəkir, Xocalı soyqırımının tanınması, məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, onlara dəyən zərərin ödənilməsi və s. kimi məsələləri hər zaman diqqətdə saxlayır, beynəlxalq ictiamiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırır. Deputat qruplarımız da xarici ölkələrə səfərlər əsnasında bu məsələləri qaldırır.
Bu, cənab Prezidentimizin bizim qarşımızda qoyduğu bir məsələ olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Vətəndaşlarımızın hüquqlarının bərpa olunması, doğma yurdlarına qayıtmasının təmin edilməsi dövlətimizin, Prezidentimizin daim diqqət mərkəzində saxladığı bir məsələdir və bu istiqamətdə görülən işlər göz önündədir. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” olduqca mühüm əhəmiyyətə malik böyük bir layihədir və təqdir edilməlidir. İnanıram ki, bu hesabat məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsi, erməni faşizminin etdiyi əməllərə görə cəzalandırılması baxımından mühüm sənəd rolunu oynayacaq, bu hesabatdan ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcəkdir”.
Seymur ƏLİYEV