Soçi görüşü: “Diktə edən tərəf kimi təkliflər paketi ilə gəlmişik” - ŞƏRH


 “Sülh müqaviləsindən öncə sərhədin delimitasiya və demarkasiyası üçün komissiya yaranmalı və təsdiq edilməlidir”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

“10 noyabr 2020 -ci ili sazişinin maddələrini, 11 yanvar 2021 ci il protokollarını yerinə yetirməlidir və bu artıq kommunikasiya və dəhlizlərin açılması deməkdir”


Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir. Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib. Müzakirələr zamanı sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 
Müzakirələr zamanı V.Putin qeyud edib ki, gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır:

 “Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir. Son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb. Lakin, təəssüf ki, bütün məsələlər hələ həllini tapmayıb”.

Bundan başqa, Rusiya lideri diqqətə çatdırıb ki,  dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri N.Paşinyan arasında Brüsseldə baş tutacaq görüşə qədər nəticələrin əldə olunmasını istəyir:

“Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”.

Azərbaycan prezidenti İlham Əliyev isə Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndirib. Ölkəmizin başçısı qeyd edib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır: 

“Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.

Görüşü və səsləndirilən fikirləri millət vəkili, analitik Arzu Nağıyev “Sherg.az”a  açıqlamasında vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir və hətta nüfuz sahibi kimi çıxış etməyə çalışır:

“Məhz Rusiya prezidenti Vladimir  Putinin “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” sözləri də buna sübut kimi qəbul edilməlidir. Erməni tərəfi isə yenə də ATƏT -in Minsk qrupunun patronajlığının labüd olduğundan danışır. Hətta Soçi görüşünü işçi görüş, Brüsseli isə protokol kesab edirlər. Bu o deməkdir ki, Ermənistan Qərbi də danışıqlarda görmək niyyətindədir. 

Lakin zaman Azərbaycanın xeyrinə işləyir və biz diktə edən tərəf kimi prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi təkliflər paketi ilə gəlmişik. Məlumdur ki, sülh müqaviləsindən öncə sərhədin delimitasiya və demarkasiyası üçün komissiya yaranmalı və təsdiq edilməlidir.

 Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.10 noyabr 2020 -ci ili sazişinin maddələrini, 11 yanvar 2021 ci il protokollarını yerinə yetirməlidir və bu artıq kommunikasiya və dəhlizlərin açılması deməkdir. Yəqin ki, ikili görüşlərdə minlarala və əsirlərlə bağlı məsələlər də müzakirə ediləcək. 

Digər bir vacib məsələ də 3+3 formatı ilə bağlıdır. Rusiya ilə Gürcüstanla anlaşmalıdırlar və bu istiqamətdə addımlar atmalıdırlar”.