İcazə verilmədi, şagird ehtiyacını sinifdə ödədi!-  Təhsili zay, müəllimi zay...

Elşən Ramizoğlu: “Müəllim ən azından şagirdin vəziyyətini nəzərə alaraq qadağa qoymalı deyildi”
“Nəticədə də belə situasiya yaranmazdı”

“Şagirdlər də uşaq olduğu üçün bəzi məqamları başa düşmürlər. Ona görə sinif yoldaşları lağ edə bilər. Bu da şagirdə təsirsiz ötüşməz”


Azyaşlı təbii ehtiyacını sinifdə ödəyib. Azərbaycanda məktəblərin birində müəllim uşağa təbii ehtiyacını ödəmək üçün sinifdən çıxmağa icazə verməyib. Kürdəmir rayonundan olduğunu bildirən müəllim bu barədə sosial şəbəkələrdə paylaşım edib.  Ramin Vəliyev adlı şəxs qeyd edib ki, uşaq dərs zamanı ikinci dəfə icazə istəyib:
“Ona icazə vermədim. Şagird təbii ehtiyacını sinifdə ödəyib. Oturacaq batmasın deyə dərs bitənə kimi onu ayaq üstə saxladım”.

Müəllim onu da əlavə edib ki, şagirdin valideynini bu haqda məlumatlandırmayıb:
“Uşaq evdə hadisəni anasına danışıb”.

Valideyn məktəbdən və müəllimdən şikayətçi olacağını bildirib.

Hadisə ilə bağlı “Sherg.az” danışan təhsil üzrə ekspert Elşən Ramizoğlu vurğulayıb ki, belə məsələlərdə müəllim vəzifə borcunu yerinə yetirərəkən bəzi məqamları nəzərə almalıdır:

“Bəzən elə olur ki oğlan uşaqları təkrar icazələr istəyir. Müəllim uşağın yenidən otağa gəlmədiyinin fərqinə varır. Təbii olaraq müəllim dərsin gedişatına məsuliyyət daşıyır. Qız uşaqları isə qarşı cinsdən fərqli olaraq daha az hallarda icazə istəyir. Həmin şagirdə yasaq qoyulmamalıdır. Təbii ki, hadisə ilə bağlı müəllimə heç bir halda bəraət qazandırmaq olmaz. Çünki ən azından şagirdin vəziyyətini nəzərə alaraq qadağa qoymalı deyildi. Nəticədə də belə situasiya yaranmazdı. Şagirdlər də uşaq olduğu üçün bəzi məqamları başa düşmürlər. Ona görə sinif yoldaşları lağ edə bilər. Bu da şagirdə təsirsiz ötüşməz”.

Ekspert diqqətə çatdırıb ki, 45 dəqiqədən bir 5-10 dəqiqə kiçik və böyük tənəffüs olur:

“Fasilə həm şagirdlərin dincəlməsi, həm də təbii ehtiyaclarını ödəmək üçün yaradılıb. Eyni zamanda bu müddət ərzində məktəbin iaşə xidmətindən istifadə edə bilərlər. Hər halda bütün hallar aşkar edilməlidir. Valideynin şikayət etməyə haqqı var. Lakin ilk növbədə tövsiyə edərdim ki, həmin sinif müəllimi ilə danışıb, səbəblər araşdırılsın. Orta təhsil müəssisələrində ali idarəetmə orqanı pedaqoji şuradır. Pedaqoji şurada bu kimi məsələlərin həllinə vaxt ayrılsın”.