Obyektivi böyüdün! – "Qazaxıstanda “Qlobal Britaniya”nın izləri görünür” – Sirr pərdəsi çəkilir...

“Britaniya üçün Asiya coğrafiyası mühümdür, dünya təbii sərvətlərinin əhəmiyyətli hissəsinin Asiyada cəmləşməsi bu qitənin strateji əhəmiyyətini artırır”

“O resurslar uğrunda gələcək savaşlarda özünü qorumaq üçün Asiya regionunu öz “qara dəliyinə” çəkir”

“Və hazırda bir çox siyasi müşahidəçinin “Turan” kimi qələmə verdiyi Türk Dünyası Dövlətləri Təşkilatı da Britaniyanın planıdır”

“Hazırda Britaniya Asiyada güc formalaşdırır və bununla da özünə qarşı bufer zona yaradır”


Qazaxıstanda yanvarın 2-də Janaozen və Aktau şəhərlərində maye qazın ikiqat bahalaşmasına qarşı başlayan etiraz aksiyaları hazırda davam edir. Son gəlişmələrə əsasən  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb. Bu barədə təşkilatdan məlumat verilib.“RİA Novasti” agentliyi KTMT təşkilatının Qazaxıstana göndərəcəyi sülhməramlıların ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəyini bildirib. KTMT-nın qərargahından isə quruma üzv dövlətlərin liderlərinin  Qazaxıstana göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcəyi söylənilib. Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan  silahlı qüvvələrinin bölmələri  daxildir.

Maraqlıdır, hazırda Qazaxıstanda müşahidə edilən gərginliyin bundan sonrakı mərhələsində nələr gözlənilir? KTMT-nin fəaliyyətə başlaması mövcud gedişata necə təsir göstərəcək?

Siyasi şərhçi Aqşin Kərimov  mövzunu“Sherg.az”a şərh edərkən 2021-ci ilin dekabrında Rusiyadan gələn rəsmi açıqlamalara diqqət çəkib:

 “Ard-arda verilən bəyanatları xatırlasaq, görərik ki, burada NATO-nun Şərqə doğru genişlənməsinin qəbuledilməz olduğu bildirilirdi. Hətta açıqlamalarda NATO-ya inteqrasiya edən postsovet ölkələrinə təhdid səslənirdi. Görünür ki, Rusiyada olan kəşfiyyat məlumatlarında Qazaxıstanın da Şimali Atlantika Müqaviləsi Təşkilatına üz tutması məsələsi yer alırdı. Düzdür, Qazaxıstan KTMT-nin üzvüdür, amma NATO ilə münasibətlərə önəm verir və prioritetlərinə Qərblə əlaqələrin inkişafını daxil etmişdi. 

Qazaxıstanda anti-Qərb tezislərinin yox dərəcəsində olması, təbii ki, Rusiyanı da narahat edirdi”. 

A.Kərimova görə, Qazaxıstan Mərkəzi Asiyaya açılan qapıda böyük potensiala malikdir və bu mənada hazırda Qərb,Çin eləcə də Rusiya  onun  qapılarına salınan “kilidi” açmaq uğrunda mübarizəyə aparırlar.

 Siyasi şərhçi KTMT qoşunlarının Qazaxıstana daxil olmasının NATO və Çin üçün də xəbərdarlıq olduğunu vurğulayıb və bununla da Kremlin “Mən Qazaxıstanı öz orbitimə çəkdim” mesajını verdiyini söyləyib: 

“Bundan sonrakı hadisələrdə qarşıdurmalar, iğtişaşlar mümkündür, ancaq hələlik yaranmış sabit vəziyyət KTMT-nin “sülhpərvər” missiyasına dair görüntüləri əks etdirir”.

A.Kərimov Qazaxıstandakı proseslərin gedişatından danışarkən bu xüsusda Britaniya amilinə toxunub:

“Obyektivi bir az da böyütsək, burda Britaniyanın başlatdığı “Qlobal Britaniya” strateji xəttinin izlərini görə bilərik. Çünki, Britaniya üçün Asiya coğrafiyası mühümdür, ümumiyyətlə, dünya təbii sərvətlərinin əhəmiyyətli hissəsinin Asiyada cəmləşməsi bu qitənin strateji əhəmiyyətini artırır. O resurslar uğrunda gələcək savaşlarda özünü qorumaq üçün Asiya regionunu öz “qara dəliyinə” çəkir. Və hazırda bir çox siyasi müşahidəçinin “Turan” kimi qələmə verdiyi Türk Dünyası Dövlətləri Təşkilatı da Britaniyanın planıdır”.

Onun sözlərinə görə, hazırda Britaniya Asiyada güc formalaşdırır və bununla da özünə qarşı bufer zona yaradır:

“Qazaxıstan da bu gedişdə mühüm çəki qazanır. Bu mənada baş verənlərin siyasi mayasında Britaniya amilini xüsusi diqqətdə saxlamaq  lazımdır”.