Nazirin bəyanatının “tərcüməsi”: “Rusiyanın adı çəkilməsə də, müdaxiləsi pisləndi”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxış edib. Bununla bağlı Azərbaycan XİN məlumat yayıb. 
C.Bayramov bildirib ki, Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir:

“Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.
Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik”.

Nazirin çıxışını “Sherg.az”a şərh edən politoloq Qabil Hüseynli 30 illik bir vaxtda Qazaxıstan xalqının böyük nailiyyətlər əldə etdiyini bildirib:

“Nazirimiz də bu nailiyyətlərin qorunub saxlanılması və bu istiqamətdə səylərin davam etdirilməsini istəyir. Sözsüz ki, bu nailiyyətlərin ölkəyə siyasi rəhbərliklə qırılmaz bağlı olduğunu da vurğulayıb. Ad çəkməsə də, Nursultan Nazarbayevin müasir Qazaxıstanın yaradıcısı olduğunu göstərib.

O, nazirin Qazaxıstanı aparılan təbliğatlara uymaması ilə bağlı fikirlərinə toxunub:

“Eyni zamanda Qazaxıstanın müdrik xalqına belə bir çağırış da var ki,  kənardan təlqin edilən müəyyən provokasiyalara fikir verməsinlər. Ölkədə asayiş və sabitlik qorunmalıdır. Rusiyanın adı çəkilməsə də, ölkəyə kənar müdaxilənin pislənməsi məsələsi nəzərə çarpıb. Bu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirliyi Şurasının yekunda qəbul etdiyi bəyanatda öz əksini tapıb”.

Q.Hüseynli Azərbaycanın hər zaman qardaş Qazaxıstanın yanında olacağını qeyd edib:

“Xarici İşlər Nazirləri Şurasının son bəyanatında bildirilir ki, əllərindəki bütün imkanlarla hər zaman dost və qardaş Qazaxıstan xalqının yanındadırlar. "Bütün imkanlar" hər şey deməkdir. Hərbi yardım da buna daxildir. Zənnimcə, ehtiyatlı, ölçülüb-biçilmiş, yaranmış vəziyyətə adekvat olan bir  bəyanatdır. C.Bayramovun da çıxışı bu qəbildən hər şeyi özündə ehtiva edir”.

Cəmilə ƏZİM