Finlandiya və İsveçi də NATO-ya çağırırlar  - TƏHLİL  

"Alyans Baltik dənizi hövzəsində yerləşən üzvlərinin təhlükəsizliyini qorumaq üçün onları silahlandırır"

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen  Finlandiya və İsveçin NATO-ya qoşulması məsələsinin tez bir zamanda həll oluna biləcəyini deyib. Onun sözlərinə görə, hazırda hər iki ölkə bunun üçün lazımi tələblərə cavab verir: 

“Əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etsəydilər, biz bu problemi bir gecədə həll edə bilərdik”.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberq daha əvvəl də bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması çox sürətlə gedə bilər, yetər ki, bunu özləri istəsinlər. O, bu ölkələrin demək olar ki, bütün sahələrdə NATO standartlarına cavab verdiyini, çox yaxşı təşkil edilmiş və idarə olunan müdafiə və təhlükəsizlik institutlarına malik olduqlarını söyləyib. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə  Finlandiyanın hazırda NATO-ya üzvlüyünün müzakirə edilmədiyini bildirib. 

 Analitik Aqşin Kərimov mövzunu “Sherg.az”a dəyərləndirib. O, NATO-nun qapısını  açıq elan etməsində Rusiyanın roluna diqqət çəkib: 

“Rusiya ilə NATO arasında danışıqlar Ukrayna böhranının yaratdığı çatları “təmir etmək” əvəzinə, onun çərçivələrini daha da genişləndirir. NATO və Rusiyanın strateji inadkarlığı hərbi-siyasi tabloya müharibə senarisini gətirir ki, bunun da fəsadları altından çıxmaq çətin olar. Rusiyanın NATO-dan  hazırkı tələbi onun təhlükəsizliyinə zəmanət verən sənədi imzalamasıdır. NATO da  buna  kontur - arqumenti olaraq bildirir ki, istənilən ölkə üçün üzvlük qapım açıqdır. Rusiya əlindəki bütün rıçaqları işə salaraq NATO-nu danışıqlar masasında güzəştə məcbur etmək istəyir, eləcə də Qərb Moskva üzərində böyük təzyiq yaradan sanksiya amilini önə çəkir, amma bu, Kremli çəkindirmir”. 

A.Kərimova görə, tərəflərin belə əsəb müharibəsi bu dəfə Rusiyanın silahlarını Ukraynadan kənar ölkələrə  - İsveçə, Finlandiyaya tuşlamasına gətirib çıxarır:

 “Əvvəldən də Rusiyanın İsveç və Finlandiyaya qarşı xoş münasibəti olmayıb, çünki bu ölkələr də NATO üzvü olmaq üçün dünyanın ən böyük hərbi təşkilatının “qapısını döyənlərdəndir”. Rusiya isə NATO ilə danışıqların nəticəsiz qalmasından istifadə edərək Baltik donanmasının potensialını əzələ nümayişi üçün işə salır. Belə ki, Rusiya Baltik dənizində İsveçin Qotland adası istiqamətində qüvvələr cəmləşdirir və İsveç də adekvat tədbirlər həyata keçirir. Rusiyanın Kalininqrad eksklavına (Rusiya ərazisidir) dislokasiya etdiyi qüvvələr,ora yerləşdirilən nüvə başlıqlı raketlər Avropanı, NATO-nu qoruxdan faktora çevrilir. Çünki bu silahların “X” anında konkret olaraq hansı koordinatlara atəş açacağı barədə aydın təsəvvürlər yoxdur”. 

 Analitikin fikrincə, Kalininqrada yerləşdirilən Baltik donanmasına məxsus silahlar, bu regionun Avropanın burnunun ucunda olması isə situasiyaya əlavə gərginlik verir: “Belə ki,  Kalininqrad: NATO üzvü olan Polşa ilə 50 kilometr məsafəyə malikdir. Burdan Polşaya və Litvaya açılan Suvalki dəhlizi  (100 kilometr genişlikdə) NATO-nun “yumşaq qarnıdır”.  Eləcə də NATO-nun digər üzvləri olan Almaniya, Danimarka, Litva, Latviya və Estoniya, Norveçə təhlükələr yaradır. Baltik donanmasının Kalininqraddan marşrut alan sualtı gəmiləri zamanla İsveçin dəniz məkanına, havaya qalxan döyüş təyyarələri Baltikyanı ölkələrin hava sərhədlərinə müdaxilə edib ki,bu da Kremlin daha iddialı olduğunu ortaya qoyur”. 

Aqşin Kərimov Rusiyanın Baltik dənizindəki yeni imkanlar qazanmasında israrlı davranışlarının NATO-nun qarşısında dəniz mövqelərini möhkəmləndirmək prioritetləri qoyduğunu söyləyib. Onun qənaətincə, Finlandiya və İsveçin üzvlüyə cəlb olunması da bu istiqamətdə atılan addımlardan biridir:

“NATO Baltik dənizi hövzəsində yerləşən üzvlərinin təhlükəsizliyini qorumaq üçün onları silahlandırır, amma bu ona Rusiya üzərində əhəmiyyətli üstünlük qazandırmır. Rusiyanı üstün edən digər cəhət əlverişli strateji coğrafiyada  -Kalininqradda – mövqelənməsi və burda hərbi gücünü artırmasıdır. Rusiyanın indiki davranışlarının hədəfləri budur: NATO-nu danışıqlarda güzəştə təhrik etmək (burada blef də mümkündür); Bu plan baş tutmayacağı təqdirdə, Ukraynaya müdaxilə etmək; Ukraynada məğlub olmaq və istədiyinə çatmamaq riskinə qarşı Baltik dənizində eskalasiya başlatmaq”.