“Azərbaycanda Türkiyə hərbi bazalarının rəsmiləşdirilməsinin vaxtı çatıb”

Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması məsələsi son zamanlarda aktual məsələyə çevrilib. Bu bazanın yaradılması ehtimalı və ölkə üçün kəsb etdiyi əhəmiyyət maraqla qarşılanan mövzudur.

Məsələni “Sherg.az”a təhlil edən politoloq Əhəd Məmmədli bldirib ki, Azərbaycan müdafiə çəmbəri yaratmalıyıq:

“Bu mövzu uzun zamandır aktualdır. Amma son gedən proseslər onu göstərdi ki, Azərbaycan kimi ölkələrə böyük dövlətlər tərəfindən müdafiə lazımdır. Çünki bizim kimi ölkələr həmişə böyük dövlətlərin hədəfində olur. Ona görə, biz özümüzə çəmbər qurmağı bacarmalıyıq. Başqa ölkələrdən fərqli olaraq, bizim təbii strateji müttəfiqimiz var. Türkiyə ikinci Qarabağ müharibəsində Azərbaycanın birmənalı şəkildə yanında oldu. Bu onu göstərdi ki, Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi Rusiyanın artan iştahının qarşısını almaq üçün zəruridir”.

Ə.Məmmədlinin fikirlərinə görə, Azərbaycanda Türkiyə hərbi bazalarının rəsmiləşdirilməsinin vaxtı gəlib çatıb:

“Unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür. Bununla Azərbaycan özünə həm də müdafiə çəmbəri qurmuş olur. Düzdür, indi reallıqlar var - Rusiya reallığı, İran reallığı və.s. Amma Azərbaycan üçün sərhədlərinin təhlükəsizliyi ən önəmli məsələdir, bu, bütün reallıqların fövqündə dayanmalıdır. Buna görə də yenidən dəyişən dünyada, xüsusilə də bizim regionda neytral qalmaq, qarışmamaq mümkün deyil. Ona görə də artıq Azərbaycanda Türkiyə hərbi bazalarının rəsmiləşdirilməsinin vaxtı gəlib çatıb”.

Çimnaz ŞAHLAR