Sərhədlərin müəyyənləşməsinə Kreml qarışmasa yaxşıdır

Proses birbaşa Ermənistanla Azərbaycan arasında başlasa, daha effektli alınar

"Şübhə yox ki, Rusiya və Ermənistandan gələn təkliflərin heç biri Bakının xeyrinə deyil. Ortada kompramis variantlar var"

   Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyasına başlamaq təklifi ilə bağlı Azərbaycandan açıqlama gözləyir. Bu barədə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib. Erməni nazir iddia edib ki, prosesin uzanmasının səbəbkarı İrəvan deyil: “Soruşsanız ki, niyə demarkasiya və delimitasiya ilə bağlı təkliflər Azərbaycan üçün qəbuledilməzdir. Hələ dəqiq bilmirik, təkliflər dəqiqləşmə mərhələsindədir. Müzakirələr davam edir, hansı hissənin onlar üçün qəbuledilməz olduğu və hansı əsaslarla və hansı yeni həll yollarının mümkünlüyünü aydınlaşdırmağa çalışırıq”. 

Xatırladaq ki, bundan əvvəl İrəvan delimitasiya və demarkasiya üzrə birgə komissiyanın yaradılması üçün Azərbaycana yeni təkliflər verdiyini bildirmişdi. Lakin Xarici işlər naziri Ceyhun Bayramov İrəvanın delimitasiyanın başlanması üçün irəli sürdüyü ön şərtlərin Bakı üçün qeyri-məqbul olduğunu bildirmişdi. Nazir yanvarın 19-da Vyanada ATƏT sədri Helqa Şmitlə söhbəti zamanı qeyd etmişdi ki, Azərbaycan və Ermənistan sərhədinin delimitasiya və demarkasiyası iki ölkə arasında münasibətlərin normallaşdırılmasının mühüm elementidir. C.Bayramov vurğulamışdı ki, rəsmi Bakı bu prosesin qeyd-şərtsiz dərhal başlanmasının tərəfdarıdır. Bəzi ekspertlərin fikrincə, erməni tərəfinin bəyanatlarından məlum olur ki, İrəvan hökuməti delimitasiya və demarkasiya prosesinin başlanması üçün qoşunların sərhəddən simmetrik olaraq geri çəkilməsini istəyir. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı uzun zamandır müzakirələr gedir. Analitik bildirib ki, hətta ötən ilin noyabr ayında Soçidə keçirilən görüşdə sərhədlərin müəyyən olunması ilə bağlı bəyanat formasında sənəd də imzalanmışdı: 

“Azərbaycan-Ermənistan sərhədində strateji əhəmiyyətə malik ərazilər var. İrəvan və Rusiya ciddi-cəhdlə çalışır ki, həmin bölgələr Ermənistanın nəzarətində qalsın. Təbii ki, Azərbaycan buna qarşı çıxır. Məsələn, Gorus-Qafan yolu Azərbaycan ərazisindən keçir. Yolda öz postlarımızı quraraq mövqeyimizi möhkəmləndirmişik. Şübhə yox ki, Rusiya və Ermənistandan gələn təkliflərin heç biri Bakının xeyrinə deyil. Ortada kompramis variantlar var. Rusiya elan edib ki, Moskvanın əlində müəyyən xəritələr var. Lakin xəritələrlə bağlı fərqli illərin gündəmə gəlməsi göstərir ki, Kreml özü də yekun həll variantına sahib deyil. SSRİ dövründə Azərbaycana məxsus bəzi ərazilər otlaq bölgə kimi müvəqqəti Ermənistana verilib. Onlar mütləq geri qaytarılmalıdır. Eyni zamanda Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi də Azərbaycanın nəzarətinə keçməlidir. Elə variant seçilməlidir ki, çətin dağ relyefində belə sərhədlərin sürətli müəyyənləşməsi mümkün olsun. Sərhəddə bəzi ərazilər artıq kiber sistemlə müəyyən olunub və hərbi postlar qurulub. Lakin əsas məsələ bunları rəsmiləşdirməkdir. Rəsmiləşmə prosesinə qədər Rusiya da, Ermənistan da çalışır ki, müəyyənləşmədə İrəvanın da maraqları nəzərə alınsın. Hesab edirəm ki, sərhədlərin tənzimlənməsinə Rusiya qarışmasa, proses birbaşa Ermənistan və Azərbaycan arasında getsə, daha effektli nəticə alınar. Kremlin müdaxilələri prosesi uzatmağa xidmət edir”.