Komando təlimlərinin hədəfi... - “Toqquşma ehtimalına görə hərbi immunitet gücləndirilir”

"Komando hərbi birlikləri döyüşlərdə xüsusi təyinatlı missiyanı yerinə yetirirlər. Eləcə də, hədəfin arxasına sızma əməliyyatlarını icra edirlər”

“Komandolar yeni gücdür – Türkiyə modelli gücün yeni elementi" 

Azərbaycan Ordusu üçün həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir. Komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir. Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşəkar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi təmin edilir. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.

Komanda hərbi hissələrinin təlim fəaliyyəti ilə bağlı "Sherg.az"a danışan jurnalist, siyasi şərhçi Aqşin Kərimov bildirib ki,  bu birliklər peşəkar, döyüşən, təlimdən boş vaxt tapmayan hərbçilərin toplandığı məkandır:

"Komando hərbi birlikləri döyüşlərdə xüsusi təyinatlı missiyanı yerinə yetirirlər. Eləcə də, hədəfin arxasına sızma əməliyyatlarını icra edirlər. Belə ki, bu halda itki riski minimuma enir, təhdidə qarşı cəld, çevik, operativ reaksiya verilir.  Lazım olan hədəflərə isə tez bir zamanda çatılır. 

Komandolar əsasən dağ döyüşləri üçün təlimlər keçirlər. Azərbaycan münaqişə bitdikdən sonra sərhədə çıxış əldə edib. Həmin zonalar mürəkkəb dağ relyeflidir".

Analitik  sərhədlərin delimitasiya və demarkasiya məsələsinin ağrılı proses olduğunu vurğulayıb:

"Hər hansı toqquşma ehtimalı mövcuddur. Belə olduğu təqdirdə, komandolar hərbi immuniteti gücləndirən birliklərə çevrilir. 
Komandolar anti-terror əməliyyatlarında hərbi işi asanlaşdıran faktora çevrilir. Komandoların təlimlərinin məqsədində daha uzaq hədəflər dayanır. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan sülh təkliflərinə cavab verməsə, Bakı güc amilinə müraciət edəcək.  Bu gücü isə nümayiş etdirmək lazımdır, komandolar yeni gücdür – Türkiyə modelli gücün yeni elementi".