Akar-Həsənov görüşü! – Masada nələr olacaq? – “Ermənistana siqnal...”

“Bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir”

“Həmçinin müdafiə nazirləri Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə edəcək”


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata əsasən səfər fevralın 2-dək davam edəcək. Səfər çərçivəsində regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı,eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.


Siyasi şərhçi Aqşin Kərimov müdafiə nazirlərinin görüş planından  “Sherg.az”a danışarkən  bildirib ki, səfər son zamanlar MDB məkanında cərəyan edən hadisələr, eləcə də Ukrayna böhranı fonunda Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq prioritetlərini yeni müstəviyə salmağa hesablanıb:

“Regional “oyun lövhəsində” mühüm damada dayanan Türkiyə həssas situsiyanın miqyasının böyüməsi səbəbilə strateji dəqiqliklərə ehtiyac duyur və bunun üçün strateji müttəfiqi Azərbaycanın da təkliflər paketini dinləmək istəyir. Akarın Həsənovu səfərə dəvət etməsinin səbəblərini bu tezisdə axtara bilərik. Görüşdə Türkiyənin Azərbaycana silah ixracının həcmini genişləndirmək üçün müzakirələr aparacağı istisna deyil. Türkiyənin Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaq, Azərbaycandakı Türkiyə Xidmət Qrupu Komandanlığının fəaliyyətini genişləndirmək, bunun regional təhlükəsizliyin perspektivinə faydaları məsələləri də nazirlərin gündəliyində olacaq.  Eyni zamanda bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir”.  

Analitikin fikrincə, təhlükəsizlik məsələsi  tərəflərin birgə hərbi təlimlərinin intensivliyini daha da aktuallaşdırır: 

“Bu mənada Akar-Həsənov görüşündə həmin təlimlərin proqramı və ona mahiyyətcə yeni xarakter verilməsi məsələsi, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan perspektiv birgə hərbi təlimləri müzakirə olunacaq. Həmçinin müdafiə nazirləri Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə edəcək. Zakir Həsənov Mərkəzin bir illik fəaliyyətinə dair məlumatları (30 yanvar 2021-ci il tarixdə açılışı olub) cənab Akardan alacaq və koordinasiyanın güclənməsi məsələləri müzakirə olunacaq”. 

A.Kərimov  Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesinin də nazirlərin müzakirə masasına qoyulacağını vurğulayıb: 

“Nazirlər Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam edəcəyi təqdirdə, Bakı-Ankara hərbi planının ümumi ştrixlərini müzakirə predmetinə gətirəcək.  Hazırda Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi aktivliyinin paralelində digər bölgələrdə cərəyan edən hadisələr Ankara qarşısında yeni təhlükəsizlik və strateji çağırışlar qoyur. Rəsmi Ankara belə çağırışların öhdəsindən gəlmək üçün strateji müttəfiqi Azərbaycanla birgə hərəkət edir. Bu mənada  Akar-Həsənov görüşü Ermənistana da siqnaldır”.