“Şuşa Bəyannaməsi” təsdiq olunan saatlarda Zakir Həsənovun Türkiyə səfəri başladı” – “Kodlar” açılır

“Hesab edirəm ki, Azərbaycan üçün ən vacib olan Türkiyə hərbi bazalarının və yaxud kazarmalarının Qarabağda yerləşdirilməsidir”

“Çünki separatçılar tam tərk-silah olunmayıblar. Bizə müəyyən təhlükələr var. Bu istiqamətdə də danışıqları intensivləşdirilmək ehtiyac duyulur”


Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.

Deputatlar sənədin ratifikasiya edilməsini alqışla qarşılayıblar. Qeyd edək ki, 2021-ci ilin iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Şuşa Bəyannaməsini imzalayıblar.

Bəyannamənin təsdiq edilməsi ilə bağlı “Sherg.az” a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyi daha da üst səviyyəyə qaldırır:

 “Prezident İlham Əliyev özü də etiraf edib ki, bu bəyannamə mövcud olan müttəfiqliyi rəsmiləşdirdi. Parlament bu gün bəyannaməni təsdiq etdi. Bundan sonra maddələri yerinə yetirmək lazımdır. Təsadüfi deyil ki, bu gün bəyannaməni ratifikasiya etdiyi saatlarda Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfəri başladı. Düşünürəm ki, Türkiyə ilə hərbi strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmaq üçün yeni əməkdaşlıq yolları tapılacaq. Hərbi sənaye kompleksləri birgə hərbi texnikanın istehsalına başlaya bilərlər. Üstəlik, Türkiyə hərbi təyyarələrin istehsalına çox yaxınlaşır. Biz o təyyarələri ala bilərik, istehsalında pay sahibi ola bilərik”.

Politoloq Türkiyə hərbi bazalarının Azərbaycan üçün kəsb etdiyi əhəmiyyətdən də danışıb:

“Hesab edirəm ki, Azərbaycan üçün ən vacib olan Türkiyə hərbi bazalarının və yaxud kazarmalarının Qarabağda yerləşdirilməsidir. Çünki separatçılar tam tərk-silah olunmayıblar. Bizə müəyyən təhlükələr var. Bu istiqamətdə də danışıqları intensivləşdirilmək ehtiyac duyulur”.

Çimnaz Şahlar