“Rusiyanın düşdüyü vəziyyətdən yararlanaraq belə müqavilənin bağlanmasına nail olub”
““Şuşa Bəyannaməsi” Azərbaycan üçün strateji müttəfiqlik bəyannaməsidir. “Moskva Bəyannaməsi” isə qarşılıqlı əlaqələri, münasibətləri tənzimləyir”
"Şuşa Bəyannaməsi” ilə “Moskva Bəyannaməsi”ni bərabərləşdirmək olmaz. “Şuşa Bəyannaməsi” Azərbaycan üçün strateji müttəfiqlik bəyannaməsidir. “Moskva Bəyannaməsi” isə qarşılıqlı əlaqələri, münasibətləri tənzimləyir. Parlamentdə təsdiqinə də ehtiyac olmayacaq".
Bunu "Sherg.az"a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycan siyasi manevr edərək, Rusiyanın düşdüyü vəziyyətdən yararlanaraq belə müqavilənin bağlanmasına nail olub:
"Müqavilə ermənilərlə sülh sazişinin imzalanmasına, Qarabağdakı problemlərimizin həll olunmasında mühüm rol oyanayacaq.
Qarabağın dağlıq hissəsində qalmış separatçıların, erməni silahlı qüvvələrinin çıxarılması haqqında qanun əldə edilməsi böyük qələbədir.
“Şuşa Bəyannaməsi” Azərbaycanın müqəddaratına təsir edən əhəmiyyətli sənəddir. İki qardaş ölkə birgə təlimlər keçirir, gələcəyə yönəlmiş ordu quruculuğu və digər sahələrdə addımlar atır.
Rusiya da şimal qonşusudur, Sovet məkanında dominantdır. Biz onunla əlaqələrimizin qaydasına olmasını istəməliyik.
Cənub qonşumuz İranla münasibətlərimizi surətlə tənzimləyə çalışırıq, reallaşdırırıq. Məqsədimiz çoxvektorlu siyasəti uğurla həyata keçirməkdir. Bölgədə Ermənistandan başqa Rusiya, Gürcüstan, İran, Türkmənistan kimi dövlətlərlə normal münasibətləri diplomatik uğur kimi vurğulamaq lazımdır.
Uğur ölkə prezidentinin ciddi fəaliyyəti əsasında əldə olunub".
Qeyd edək ki, Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsi imzalanıb. 43 bənddən ibarət Bəyannaməyə əsasən tərəflər aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri əksini tapır. Sənəddə diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman və digər sahələrə aid maddələr də yer alır.