Son 25 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və müsbət nəticələr verir. Elə bir neçə gün öncə, Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə yollanmışdı. Bu dəfə isə Türkiyə Prezidenti Ərdoğan 26-29 may tarixlərində keçiriləcək "TEKNOFEST"də iştirak üçün Bakıya gələcək.
Həmçinin festivalda sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər də olacaq.Qardaş ölkələrin qarşılıqlı səfərləri dosta fəxarət, düşmənə göz dağı verir.
Tərəflərin tarixi kökə söykənən, yüksələn xətlə irəliləyən münasibətlərini "Sherg.az"a dəyərləndirən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgərin fikirlərinə görə, Azərbaycan və Türkiyə Ulu Öndər Heydər Əliyevin dediyi "bir millət, iki dövlət" fikrinə əsasən, artıq fəaliyyətlərini birlikdə konfederasiya səviyyəsində müəyyənləşdirirlər:
"Münasibətlərin dərinləşməsində hər iki ölkə rəhbərinin rolu danılmazdır. 44 günlük Vətən savaşında Türkiyənin siyasi və mənəvi dəstəyini açıq şəkildə ortaya qoyması zəfərimizin davamlılığına təsir göstərən başlıca amillərdəndir.
Bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev bir beynəlxalq tədbirdə erməni rəhbərin Türkiyə əleyhinə ittihamlarına gözəl cavab verdi. Ölkəmizin başçısı bildirdi: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Türkiyədə ictimaiyyət arasında sorğu keçirilsə, aydın olar ki, İlham Əliyevin reytinqi hər hansı bir türk siyasətçidən az deyil. Münasibətlər yüksələn xətlə irəliləyir. Düşmən də qıcıqlanır. İran trollarının fəaliyyətindən görmək olar ki, ən çox qısqandıqları məqam Türkiyə ilə Azərbaycanın yaxınlaşmasıdır. İynənin ucu boyda problem axtarırlar.
Onlar əlaqələrin pozulmasını istəyir. Qardaş dövlətin həssas vaxtlarında həm Türkiyə , həm də Azərbaycan prezidentlərinin əleyhinə kampaniyalar aparmağa çalışırlar.
Biz də adekvat tədbirlər görməliyik.
Sosial media fəalları, ictimai rəyə təsir edən ziyalılarla birlikdə sözügedən məsələdə dövlətlərimizin yanında dayanıb, əlaqələrin inkişafı üçün əlimizdən gələni etməliyik".