Lavrovla Bayramov Türkiyədə görüşəcək! – “Qarabağ məsələsində güzəştlər...”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibə verib.Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici naziri Sergey Lavrov Türkiyəyə səfərə yollanacaqlar:

"Gələn həftə - iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”.

Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək:

“Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələr edilməsinin lazım olduğu müzakirə olunacaq”.

Gözlənilən səfəri "Sherg.az"a şərh edən politoloq Turab Rzayevin qənaətincə, regionda və dünyada geopolitik dəyişikliklər baş verir:

"Bəzi məqamlarda Türkiyə ilə Rusiyanın mövqeyi üst-üstə düşür, bəzilərində isə yox. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İki ölkə arasında Şuşa Bəyannaməsi imzalanıb. Tərəflər xarici siyasətini, hərbi məsələləri, gələcək strategiyanı birlikdə müəyyənləşdirirlər. Azərbaycanın Rusiya ilə çoxşaxəli hərbi, iqtisadi, siyasi münasibətləri var. Bu dəfə əsas məqsəd Rusiya ilə Türkiyənin iqtisadi, siyasi, geostrateji maraqlarında Azərbaycanı da araya alaraq, birgə müzakirələrin aparılmasıdır.

Görüşün gündəliyində əsas mövzu Qarabağ, münaqişənin sülh yolu ilə həlli, sərhədlərin müəyyənləşməsi ola bilər.

Son zamanlar Qara dəniz hövzəsində baş verən münaqişələrdə, Ukrayna müharibəsində, Finlandiya və İsveçin NATO - ya daxil olmasında Türkiyə Rusiyanın həddən artıq zərərlə çıxmasının qarşısını alır. 

Ehtimal ki, onun əvəzində Qafqazda, xüsusilə, Qarabağ məsələsində müəyyən güzəştlər müzakirə edilsin".