Hansı əsrdə yaşayırıq ki?! - Qadının dənizə girməsi...


"Təyyara hüquqi müstəvidə cinayət işi açılmalıdır. Adamın İrana bağlılığı araşdırılmalı, xalqı təhqir etməsinə görə məsuliyyətə cəlb olunmalıdır"
  İlahiyyatçı Hacı Təyyar qadınların toy və çimərlik geyimi ilə bağlı nalayiq ifadələr işlədib. İlahiyyatçının "Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar? Arvadının alt paltarının rənginədək hamı görürsə, belə namuslu ailə olur? Üzr istəyirəm, sənin həyat yoldaşını sən görmək istədiyin tərzdə hamı artıq görüb" kimi sözləri ictimaiyyətdə ciddi ikrah doğurub.
  Aktrisa-model Əfsanə Qasımova “Qeyrətli kişi də başqasının arvadına baxmaz. Dənizə çimməyə getmisən, başqalarının arvadlarına tamaşa etməyə yox…” deyə ilahiyatçıya sərt cavab verib. Model Yenicag.az-a açıqlamasında sivil cəmiyyətdə belə sözləri cahillik kimi dəyərləndirib: “Hansı əsrdə yaşayırıq ki, qadının dənizə getməsi müzakirə olunsun. Bu söhbət etik baxımdan da düzgün deyil. Belə də ki, qadın dənizdə çimərlik geyimində olmalıdır, suya palto ilə girəsi deyil ki… Bir də ki, bu qeyrətin dənizlə nə əlaqəsi var, o mənə çatmır. İnsan ailəsi, həyat yoldaşı ilə gedib dənizdə istirahət edir. Hamı dənizdə çimərlik geyimində olur və heç kim də bir-birinə baxmır. Kimsə hansısa qadına baxırsa, onun şəxsi problemidir. Buna görə kişiləri qeyrətsiz adlandırmaq düzgün deyil. Elə qeyrətsiz o kişidir ki, başqasının arvadına baxır. Adama deyərlər, sənin gözün başqasının arvadına niyə baxır?”.
  İlahiyyatçı Tural İrfan da “Sherg.az”a açıqlamasında sözügedən ifadələrin tamamilə yanlış və dinə zidd olduğunu deyib: “Heç kəsin şəxsi işinə qarışmaq olmaz. Dində məcburiyyət yoxdur. Qadın, kişi eyni çimərlikdə çimirsə, bunu onlara heç kəs məcbur etmir, özləri istəkləri ilə gedirlər. İkincisi də əgər o adam ilahiyyatçıdırsa gedib çimərlikdə qadınların alt paltarının rənginə niyə baxır? Kim necə düşünürsə ondan daha çox danışır. Demək, bu adam özü çirkin düşünür. Eləsinin dediyi hər sözə də münasibət bildirməyi doğru saymıram. Kişi kişi olsa gedib çimərlikdə qadınlara pis gözlə baxmaz. Çimərliyə paltoda getmirlər ki. Bu kimi şəxslər İranın adamlarıdır. Oradakı mollalara təqlid edirlər. Son zamanlar da İranın əlaltılarının ölkəmizdə aktivləşməsi fonunda belələri də "kərimə dövləti" eşqi ilə yaşayırlar. Azərbaycan İran deyil, din dövlətdən ayrıdır. Kim istəyər çılpaq çimər, kim də istəyər əbada, əmmamədə çimər. Ona da qarışmaq olmaz. Özləri yüz oyunlardan çıxanlar indi xalqa əxlaq dərsi keçməyə qalxmasın. Ermənilər Xocalıda qadınlarımızı çılpaq soyundurub zorlayanda, kürəyinə qaynar samovar bağlayanda belələri Xorasanda erməni, fars qızları ilə siğə gərdəyində idi. Qadınlarımız Qarabağda şücaət göstərib şəhid olanda harada idi bu "kişi"?”.
  T.İrfanın sözlərinə görə, H.Təyyara hüquqi müstəvidə cinayət işi açılmalıdır. Adamın İrana bağlılığı araşdırılmalı, xalqı təhqir etməsinə görə məsuliyyətə cəlb olunmalıdır: “Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi də daha belələrini ortadan yığışdırmalıdır. Bu adam Qafqaz Müsəlmanları İdarəsinin vaxtilə məşhur bir şəxsi də axund təyin etdiyi adamdır. İndi görün məsciddə nələr danışırmış ki, işlədiyi saysız-hesabsız məscidlərin hamısından qovublar.
  Lakin bir şeyi də qeyd etməliyəm ki, Türkiyədə olduğu kimi bizdə də ayrı qadın çimərliyi olsa, bu, daha yaxşı olar. İstəyən, dini inanclı xanımlar istifadə etmək üçün bu, daha münasibdir. Qeyrət paltarla ölçülmür. Pozğun elə bilir hamı pozğundur. Belə adamlar özləri murdar düşünür, onun, bunun arvadına, qızına pis gözlə baxır, elə bilir hamı o cürdür”.
  İlahiyyatçı Elşad Miri isə Hacı Təyyarın çimərliyə ailəsi ilə çimməyə gedən kişilərin “necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?” fikirlərinə cavab olaraq deyib ki, islamda qadınların çimərliyə getməsi ilə bağlı bir qadağa yoxdur: “Qeyrəti beldən aşağı görən insanların fikirlərinə açıqlama verməyin özü absurd bir yanaşma olar, biabırçılıqdır. Niyə qadağa olsun ki?! Baxın, bu tip açıqlamalar dar düşüncənin nəticəsidir. Bu insanlar həyatdan təcrid olunmuş kimi yaşayırlar, həyatın içində deyillər. Sanki elə bil qapanıblar bir qalaya, elə bir yerdə yaşayırlar. Ona görə də mən onları dindar yox, “dini dar” olan insanlar kimi təqdim edirəm.
Belə yanaşmalar, əlbəttə, insanları dindən uzaqlaşdırır. İnsanların bu günləri ateist və deist olmalarının səbəbi bu cür dar düşüncəli adamların din adı ilə danışıb, insanları dindən soyutmalarıdır”.