“Necə ki, Şuşa Bəyannaməsi Azərbaycanı bütün təhdidlərdən qoruyur”
“Eyni zamanda, Özbəkistanı xarici təhdidlərdən qorumaqdan ötrü Azərbaycanla Türkiyə dəstək verəcək. İqtisadi inkişafın ardınca daha geniş coğrafi, siyasi birlik gələcək”
Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.
Üç ölkə Daşkənd Bəyannaməsi çərçivəsində müxtəlif layihələr ərsəyə gətirəcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Daşkənd Bəyannaməsi və üçtərəfli görüşün nəticələri bütün tərəflərin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu sübut edir.
O, görüş zamanı beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, həmçinin Əfqanıstandakı vəziyyətin müzakirə olunduğunu vurğulayıb.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun sözlərinə görə, dünyada və regionda baş verən qeyri-müəyyənliklər, Ukraynadakı müharibə, Əfqanıstan böhranı, böyük güclər arasında siyasi və hərbi rəqabət, epidemiyanın sosial-iqtisadi təsirləri qlobal problemə çevrilib:
"Ancaq bununla belə bu böhran risklərdən əlavə fürsətlər də verir. Avrasiya və İpək yolu yenidən mərkəzi marşruta çevrilir".
Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov isə söyləyib ki, Özbəkistan Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır. Onun sözlərinə görə, üç ölkənin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti xüsusi aktuallıq qazanır. Planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Trans-Qafqaz dəhlizi ilə birləşməsi üç ölkə arasında vahid nəqliyyat şəbəkəsini yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.
Üçtərəfli bəyannamənin əhəmiyyətini "Sherg.az"a şərh edən politoloq Turab Rzayevin qənaətincə, Daşkənddə imzalanan sənəd uzun müddətdir, gözlənilirdi:
"Ümid edirik ki, gələcəkdə siyasi və hərbi cəhətdən üçtərəfli birliklər formalaşmağa başlayacaq. Bu, Türkiyə və Mərkəzi Asiya istiqamətində inkişaf edən oxun, Turan adlandırılacaq birliyin özəyini təşkil edir. Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərkəzi Asiya ölkələri, iki islam ölkəsi Əfqanıstan və Pakistanın birliyi tarixin zərurətidir. Artıq ilkin əlaqələr formalaşır. Azərbaycanla Türkmənistan Xəzər dənizindəki problemli məsələləri həll etdilər. İki ölkə arasında nəqliyyat infrastrukturu irəliləyir. Türkmənistanla Özbəkistan, Əfqanıstandan Pakistana elektrik, dəmir yol xətlərinin birləşdirilməsi başa çatır. Birbaşa Özbəkistan və Türkmənistan qazının Pakistan ötürülməsi üçün işlər gedir. Yeni regional inkişafın əsası qoyulur.
Azərbaycan - Özbəkistan - Türkiyə mərkəzi üçbucaq rolunu oynayan ölkələrdir. Birlik regionu xarici təhdidlərdən qorumaq üçün əhəmiyyətli rol oynayacaq. Özbəkistanın Mərkəzi Asiyada inkişaf edən, yüksələn ulduz olması ilə nəticələnəcək. Necə ki, Şuşa Bəyannaməsi Azərbaycanı bütün təhdidlərdən qoruyur.
Eyni zamanda, Özbəkistanı xarici təhdidlərdən qorumaqdan ötrü Azərbaycanla Türkiyə dəstək verəcək. İqtisadi inkişafın ardınca daha geniş coğrafi, siyasi birlik gələcək. Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Əfqanıstan tezliklə birliyə cəlb olunacaq".