Snayperçilərimiz hədəfə doğru...

  İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
  Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan snayperləri “Cütlər sıralaması” mərhələsinin “Şəhər əməliyyatı” və “Tənzimləmə” çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər. Xatırladaq ki, müsabiqə avqustun 16-sı başlayıb və avqustun 27-nə qədər davam edəcək. Yarışlarda ölkəmizlə yanaşı Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.
  Ordumuzun beynəlxalq hərbi yarışlarda daim geniş tərkibli təmsil olduğunu deyən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az"a bildirib ki, snayperçilərimizin  bu yarışlarda da yüksək nəticələr göstərəcəyini düşünür: “Müsabiqə hələ başa çatmayıb və aktiv fazadadır. Azərbaycan hərbi qulluqçuları bu yarışda da yaxşı çıxış edəcək. Ordumuz bu potensiala malikdir. Təəssüflər olsun ki, Ermənistan əsgərləri bu yarışda iştirak etmir. Bu da onların Azərbaycan əsgərlərinin qarşısında aciz qalmaması üçündür. Əgər onlar bu müsabiqədə iştirak etsəydilər bir daha ordumuzun əzici gücünə şahid olacaqdılar”.