"Geniş amnistiyanın hazırlanması barədə eşitmişik, amma dəqiq məlumatımız yoxdur".
Bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, məhbusların əfv edilməsi arzuolunandır:
"Çox istərdik ki, bununla bağlı aldığımız məlumatlar gerçək olsun. 44 günlük müharibədə Azərbaycan qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Onlar Ali Baş Komandanın rəhbərliyi ilə qürur, namus, qeyrətimizi bizə qaytardılar. Hazırda ölkəmizdə müharibənin olub-olmayacağı bəlli deyil.
Siyasi məhbuslar, inanclı insanlar, xəstələrin hamısını amnistiya aktı ilə buraxsalar, hamımız Azərbaycanın ətrafında bir yumruq kimi birləşəcəyik. Qarşıda dövlətimizi hansı günlər gözləyir, bilmirik. Ona görə də həmrəylik nümayiş etdirməliyik. Bir olaraq, dövlətçiliyimizi qorumalıyıq".
Qeyd edək ki, gələn il - "Heydər Əliyev ili"ndə Azərbaycanda geniş amnistiya elan olunacaq. Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq əfvetmənin ölkəmizdə ən böyük amnistiya aktı olacağı gözlənilir. Bu bağışlama aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı ehtimal olunur.