"Vahid Əhmədova təklifinə görə təşəkkür edirəm" 


Üzeyir Cəfərov: "Sülhməramlılar daxil hərbi xidmətdə həlak olan bütün hərbçilərə şəhid statusu verilməlidir"
  Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Vahid Əhmədov sülhməramlılara şəhid statusu verilməsini təklif edib. O qeyd edib ki, Azərbaycanda şəhid ailələri və qazilərlə əlaqədar problemlər, veteran statusunun verilməsi istiqamətində əngəllər aradan qaldırılmalıdır:
“Bir xanım mənə məktub ünvanlayıb. Oğlunun Əfqanıstanda və İraqda vuruşub, İraqda şəhid olduğunu deyib. 14 ildir, hərbçimiz şəhid olub, ona şəhid statusu verilmir. Bizim sülhməramlılar başqa ölkələrdə vuruşanda şəhid olurlarsa, onlara şəhid statusu verilməlidir”.
  Qeyd edək ki, İraqdakı sülhməramlı əsgərlərdən biri - Rəfael Ağayev 2008-ci ilin iyun ayında təsadüfən silahdan açılan atəş nəticəsində həlak olub.
  Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Şərq”ə açıqlamasında Vahid Əhmədovun təklifinin təqdirəlayiq və dünyanın qaynar nöqtələrində hərbi xidmət keçən sülhməramlılara da hansısa səbəbdən dünyasını dəyişən zaman onlara da şəhid statusu verilməli olduğunu bildirib: “Düzdür, Azərbaycan sülhməramlıları hərbi əməliyyatlarda iştirak etmir və sülh yaratmaq üçün hərbi xidmət keçir, yolların və dövlət əhəmiyyətli obyektlərin qorunması ilə məşğul olurlar. Amma bir məsələ var ki, heç bir vətəndaşın xaricdə xidmət etmək öhdəliyi yoxdur. Onları da müvafiq qurumlar sülhməramlı kimi xaricdə hərbi xidmətə göndərir. Bu adam hərbi vəzifəsini icra edərkən həlak olubsa, ona şəhid statusunun verilməsi üçün hansı ölkədə hərbi xidmət keçməsinə görə fərq qoyulmamalıdır. Bu məsələni qaldırdığı üçün Vahid müəllimə təşəkkür edirəm. Amma 1994-cü il mayın 12-dən bu günə qədər Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfərdən artıq hərbi qulluqçusu içimizdəki "ermənilərin", yaramaz əsgər və zabitlərin açdığı güllədən qətlə yetirilib. Onlara da şəhid adını vermək haqqında düşünmək, bu məsələni də parlamentdə qaldırmaq lazımdır. Bu hərbçilərin ailələri ötən həftələrə qədər ölkə başçısı İlham Əliyevin Hərbi məsələlər üzrə köməkçisi general, polkovnik Məhərrəm Əliyevin qəbulunda olub, öz narahatlıqlarını ona bildiriblər. Məhərrəm Əliyev də həmin valideynlərə bu məsələnin Milli Məclisdə müzakirəyə qoyulacağına söz vermişdi”.
  Ü.Cəfərovun fikrincə, valideynlər haqlı olaraq Vətənin müdafiəsi üçün hərbi xidmətə yola saldığı övladının xidmət vaxtı başına hər hansı bir bədbəxt hadisə gəlibsə, ona şəhid adının verilməsini tələb edir: “Hesab edirəm ki, hərbi xidmət vəzifəsini icra edərkən həyatını itirmiş bütün əsgər və zabitlərimizə şəhid statusu verilməlidir. Çox güman onların bu haqqı veriləcək, amma məsələni uzatmaq lazım deyil. Hərbi xidmətdən boyun qaçırmaq üçün intihar edən, özünə atəş açan hərbi vəzifələr istisna olmaqla bütün hallarda hərbi xidmətdə həlak olan əsgər və zabitlərə şəhid statusu verilməlidir. Sülhməramlılar da daxil. Türkiyə qanunlarına görə, hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər şəhid statusu alır. Azərbaycan qanunvericiliyində isə bu sahədə ciddi boşluqlar var. Qanuna əsasən Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Yəni Nardaranda, Gəncədə xidməti vəzifəsini icra edərkən həyatını itirən polis əməkdaşı şəhid adı alır, amma düşmənlə üzbəüz postlarda Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparan əsgər, gizir və ya zabit döyüşdən kənar xidməti vəzifəsini icra edərkən vəfat edərsə, o, şəhid sayılmır!? Müxtəlif illərdə ermənilərə qarşı həyata keçirilən lokal döyüş əməliyyatlarında iştirak edən uşaqların əksəriyyəti hələ də müharibə veteranı statusu ala bilmir. Mütləq ki, əsgər yaralanmalı, güllə yarası almalıdır ki, onu qazi kimi qəbul etsinlər. Axı döyüş tapşırığını icra etmək sadəcə güllə atmaqdan ibarət deyil!? Məgər atışmanın ortasında döyüşən əsgərə yemək bişirmək döyüş tapşırığı icra etmək deyil? Axı həmin hərbi vəzifəlilər güllə yarası almasa da, mütləq ki ciddi psixoloji yara alırlar. Birmənalı qəbul etmək lazımdır ki, hərbi xidmətə çağırıldığı gündən etibarən dünyasını dəyişən əsgər şəhid sayılır”.
  Hərbi ekspert ümid edir ki, deputatın təklifi digər parlamentarilər tərəfindən də dəstəklənəcək və yaxın zamanlarda dəyişikliklər qəbul ediləcək: “Mən o ananın hisslərini çox gözəl anlayıram. Haqlı olaraq, Azərbaycan dövlətinin Əfqanıstan, İraq, Kosova kimi qaynar nöqtələrə hərbi xidmət tapşırığı ilə göndərdiyi oğluna şəhid adının verilməsini istəyir”.