Azərbaycan da feyk xəbər axınının qarşısını almaq üçün hərəkətə keçməlidir
"Çox istərdim ki, analoji addım ölkəmizdə də atılsın, xüsusən "facebook"un Azərbaycanda ofisi və ya nümayəndəliyi açılsın"
Sosial şəbəkələrin informasiya daşıyıcılığında önə keçdiyi indiki mərhələdə feyk xəbər axını getdikcə güclənməkdə, dövlətlərin, insanların həyatına sürətlə daxil olmaqdadır. Müasir dünyamızda sıravi insanlardan tutmuş, dövlət rəhbərlərinə qədər - çox geniş təbəqələr yalan xəbərlərdən əziyyət çəkməkdədir.
Yalan xəbərlə mübarizə hazırda bütün beynəlxalq təşkilatların gündəmindədir. İndiyədək elə bir model tapılmayıb ki, onu tətbiq etməklə yalan xəbərlərin yayılmasının qarşısı əhəmiyyətli şəkildə alına bilsin.
Qeyd edək ki, Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.
Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə görə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət sayılacaq.
Bilə-bilə yalan məlumat yayma 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır.
Ekspertlərin fikrincə, Azərbaycanda da sosial şəbəkələrə mütləq mənada nəzarət olmalıdır. Sosial şəbəkələrdə çoxsaylı yalan və şantaj , hətta kəşfiyyat xarakterli informasiyaları da yayırlar. Ona görə, Azərbaycanda da sosial şəbəkələrin, internet kanalların fəaliyyəti nəzarətə alınmalıdır.
" Azxeber.com” saytının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin “Şərq”ə açıqlamasına görə, Türkiyədə qəbul edilən bu qanun sosial mediadakı hərc-mərcliyin, özbaşınalığın, şər-böhtan kampaniyasının qarşısını almış olacaq: “Son zamanlar bu kimi informasiyalar çox geniş vüsət almağa başlayıb və mənbəyi, mənşəyi məlum olmayan profillərdən yayılan saxta xəbərlər cəmiyyətdə çaşqınlığa səbəb olur. Çox təəssüf ki, yuxarıda sadaladığım hallara ölkəmizdə də rast gəlinir.
Azərbaycanda da bəzi saytlar və sosial şəbəkə hesabları tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallarla qarşılaşırıq. Türkiyədə bu kimi dezinformasiyalar "tvitter" sosial şəbəkəsində yayılırsa, Azərbaycanda daha çox "facebook" və "tiktok" bu məsələdə aktualdır. Bəzi səhifələr var ki, insanların adından yalan xəbər paylaşmaqla ixtisaslaşıb, bu istiqamətdə fəaliyyəti ilə məşhurlaşıb. İnsanlar da çox vaxt xəbərin mənbəyini axtarmadan, araşdırmadan həmin yalan xəbərlərə inanırlar, bu da cəmiyyətdə çaşqınlığa səbəb olur. Adından yalan məlumat yayılan şəxslərin işgüzar nüfuzuna da xələl gəlir, hüquqları pozulur”.
Sosial şəbəkədən istifadə edən hər bir kəs unutmamalıdır ki, o həm də informasiya daşıyıcısıdır, onun paylaşdığı hansısa yanlış məlumat çox ciddi böhrana, qalmaqala, xaosa səbəb ola bilər. Faktdır ki, bu gün insanlara qarşı şər, böhtan kampaniyası, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi hallarına ən çox sosial mediada rast gəlinir. Düşünürəm ki, ölkəmizdə bu istiqamətdə maarifləndirici tədbirlər baş tutmalı və insanlara qanunun tələbləri aşılanmalıdır. Çünki hazırkı dönəmdə istənilən bir şəxsi qaralamaq, onu nüfuzdan salmaq çox asandır. Burada daha bir məqam isə ondan ibarətdir ki, burada daha bir diqqəçəkən məqam isə ondan ibarətdir ki, cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatlar paylaşan şəxslər çox vaxt "fake" profildən istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar”.
H.Heydərlinin fikrincə, bu tip məlumatların qarşısını almaq məqsədilə Türkiyədə sosial şəbəkələrin ofisinin açılması tələb kimi qoyulub. Çünki biz çox vaxt görürük ki, "facebook", "tvitter", "instagram" kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yaraşır, onların müraciətlərini görməzdən gəlir: “Bu da bir çox hallarda dezinformasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır. Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra "fake" və ya "trol" profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınmış olacaq. Çox istərdim ki, analoji addım ölkəmizdə də atılsın, xüsusən "facebook"un Azərbaycanda ofisi və ya nümayəndəliyi açılsın. Biz bu yollla dezinformasiyaların, saxta xəbərlərin qarşısını ala bilərik. Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən nümayəndəlik şikayətlərə də etinasız yanaşmaz. Bundan isə qazanan cəmiyyətimiz olar”.