“Arəstə Baxışova 44 günlük müharibənin yeganə qadın şəhididir. İlk növbədə, media olaraq, şəhid xanıma lazımi səviyyədə diqqət göstərməli idik".
Bu sözləri "Sherg.az"a açıqlamasında "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı deyib. Jurnalistin sözlərinə görə, onun barəsində media nümayəndələrinin kifayət qədər məlumatı yoxdur:
"A.Baxışovanın evinə gedib, ailəsi, övladları ilə bağlı yazılar hazırlamaq lazımdır. Ailə üzvlərindən müsahibə götürmək olar. Şəhid xanımın xidməti dövlət səviyyəsində təbii ki, qiymətləndirilib.
Amma Azərbaycan qadınları üçün nümunəvi obraza çevirmək medianın vəzifəsidir. Sözün düzü, bu xanım barədə sual ünvanlanarkən təmsil olunduğum media orqanlarında Arəstə xanım haqqında hansı materiallar dərc olunduğunu xatırlamağa çalışdım.
Lakin görünən odur ki, yalnız rəsmi məlumatlar mövcuddur. Eyni zamanda bir neçə köşə yazısında adının çəkilməsi ilə kifayətlənilib. Şəhid qadının fəaliyyəti, ailəsi və övladlarını diqqətdən kənarda qoymamalıyıq. Hesab edirəm ki, onun anası ilə müsahibə maraqlı alınar. A.Baxışova barədə əlimizdə gələni etməliyik ki, borcumuzu yerinə yetirə bilək".
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 44 günlük müharibə dövrünün 1 aya yaxın müddətini əsgərlərimizlə birgə çiyin-çiyinə düşmənə qarşı vuruşub. Lakin sözügedən qəhrəman şəhidimiz sanki müəyyən qədər diqqətdən kənarda qalıb. Onun barədə az sayda yazılar, məqalələr, paylaşımlara rast gəlinir.