Orduya qayğı prioritet məsələdir -  Hərbçilərin mənzillə təminatı...

...onların xidmətinə də müsbət təsir göstərir

  "Ali Baş Komandan, Prezident İlham Əliyev ordu quruculuğunun daha da müasirləşdirilməsini ən ümdə vəzifələr sırasına daxil edib”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Maliyyə naziri Samir Şərifov deyib.
  Nazir bildirib ki, cari illə müqayisədə növbəti ilin büdcəsindən bu istiqamətə 6,6 faiz çox vəsait ayrılması nəzərdə tutulur: “2023-cü ildə Azərbaycan hökuməti 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayıracaq”.
  Millət vəkili Elman Məmmədovun sözlərinə görə, hərbi qulluqçularımızın sosial təminatının daha da yaxşılaşdırılması Azərbaycanda sosial siyasətin prioritet istiqamətlərindəndir. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra hərbi sahədə həm quruculuq işlərinin, həm sosial müdafiə tədbirlərinin genişləndirilməsi müşahidə edilir. Hərbçilərimiz, eləcə də Qarabağ qaziləri və şəhid ailələri Azərbaycanda hər zaman sosial baxımdan dəstəklənən vətəndaşlardır. Son dəyişiklik ondan xəbər verir ki, hərbçilərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlı olacaq.
  Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri vətəndaşların sosial durumunun və maddi rifah halının günü-gündən yaxşılaşdırılmasıdır: “Əlbəttə, bu durum Azərbaycan hərbçilərinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi güdür və onların həyat tərzinə müsbət təsir göstərir. Hərbçilərimizə istər evlərin, istər məzuniyyət və digər müavinətlərin verilməsi mühüm amillərdən biridir.
  Ölkəmizdə hər zaman müdafiə sahəsinə xüsusi diqqət göstərilib. Ona görə də bu il sözügedən sahəyə ayrılan vəsaitin miqdarı keçən ildən artıqdır. Hərbçilərimizin təminatı-maaşları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması daim diqqətdə saxlanılır. Parlamentdə sonuncu dəfə səsləndirilən təkliflərdə bu məqamlar nəzərdə tutulub. Vətənimizin müdafiəsində iştirak edən hərbçilərimizin maaşlarının artırılması və onlara müxtəlif müavinətlərin verilməsi əsas məqsədlərdən biridir. Eyni zamanda, hərbçilərimizin səhiyyə xərcləri üçün də müavinətlərin olması Qanunda öz əksini tapıb. Azərbaycan Ordusu və hərbçiləri güclü olmasaydı, bu gün qalib xalq ola bilməzdik”.
  Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən 2015-ci ildən etibarən hərbi qulluqçuların mərhələli şəkildə mənzil təminatı ilə bağlı real addımlar atılır. Xidmət müddətindən asılı olaraq hərbiçilərin mənzil şəraitinin yaxşılaşdırılması prosesi hazırda da davam edir:
“Hərbçilər ölkə üzrə qeydiyyat və ya xidməti ərazi üzrə mənzillərlə təmin olunurlar.
  Hazırda xidmətdə olan hərbçilər hərbi şəhərcik formatında tikilən binalarda evlə təmin olunurlar. Həmçinin də qeydiyyatda olduqları ərazi üzrə mənzil və ya torpaq sahəsi ilə təmin olunurlar. Ümumiyyətlə, dövlətin qarşısında duran əsas məqsəd hərbi qulluqçuların mənzil problemlərinin həlli məsələsini sona çatdırmaqdır. Dövlət proqramına əsasən, yaxın illərdə bütün hərbi qulluqçular mənzillə təmin olunacaqlar.
  Hazırkı statistikaya istinadən bütün işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunduğunu demək olmaz. Ancaq hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davam edir. Həmin komissiya mərhələli şəkildə hərbçilərin bu istiqamətdəki problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirir. Yeni şəhərciklər inşa edilir, torpaq sahələri verilir və hərbçilər xidməti mənzillərlə təmin olunurlar”.
  R.Məmmədli bildirib ki, istənilən vətəndaşın mənzillə təminatı onun həyatının prioritet hissəsidir: “Hərbçilərdə isə bu bir qədər də vacib məsələdir. Çünki həyatını dövlətin təhlükəsizliyi və müdafiəsinə həsr edən şəxsin yüksək gəlir əldə etməsi bir qədər real deyil. Bu baxımdan dövlət müxtəlif formada hərbçilərin mənzil problemlərini həyata keçirir. Bu, dünyanın bir çox ölkəsində belədir. Azərbaycan da müstəqilliyinin ilk illərində bu məsələdə maneələrlə qarşılaşsa da, göründüyü kimi, indi bu problem öz həllini tapıb. Əlbəttə ki, hərbçilərin mənzillə təminatı onların xidmətinə də müsbət təsir göstərir. Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir. Yəni hərbçi öz ailəsinin məskunlaşması – yaşayışı ilə bağlı hər hansı əziyyət çəkmir. Dövlətin hərbçilərin mənzillə təminatı məsələsində əsas məqsədi elə budur”.