“Yəni Azərbaycan cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək”
“Digər tərəfdən mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq”
“Mən İranın üç Prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.
Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Dövlət başçısı bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Tehran rejiminin Bakıya qarşı hücumlarından sonra Prezident ilham Əliyev ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı:
"Birincisi, Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi. İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi ki, Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür.
Üçüncüsü, soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajını verdi. Yəni Azərbaycan cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək.
Digər tərəfdən mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq.
Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək".
Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək; əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ən azı ana dilində təhsil alması hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər”.